
Bakı. Trend:
Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam
etdirilir.
Bu barədə “Azərbaycan Dəmir Yolları”nın (ADY) Mətbuat
Xidmətindən bildirilib.
Məlumata əsasən, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında
başlanılan söküntü işləri artıq tamamlanıb.
Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun
tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98
suötürücü boru və 60 ehtiyat keçidi daxildir.
Hazırda yol yatağının tikintisi davam etdirilir.
Bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından
qatarların hərəkət sürəti 10–60 km/saat arasında dəyişirdi.
Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq,
daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin
olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu
infrastrukturu formalaşacaq.

