
Bakı. Trend:
İyunun25-i Məhrərrəm ayının Aşura günüdür.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının məlumatına
görə, Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini
İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə,
həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı
Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə
16 iyuna, Aşura isə 25 iyuna təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və
səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə
əlaqədar ölkə müsəlmanlarına müraciətində bildirilib ki, Məhərrəm
və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri,
xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə
xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və
s. dinimizə görə qəbuledilməzdir.
Müraciətdə, həmçinin QMİ Qazılar Şurası yerlərdəki
nümayəndələrinin nəzərinə çatdırıb ki, qazılar və imamlar “Dini
etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini
mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə
keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri
zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə
xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun
olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin
pozulması icazəli deyildir.
Qeyd edək ki, ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid
Quliyev Trend-ə açıqlamasında bildirimişdi ki, İslam tarixində
xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri təqviminin
ilk ayıdır və müsəlmanlar üçün mənəvi dəyərlər, fədakarlıq, səbir
və iman nümunələrinin xatırlandığı mühüm zaman kəsiyidir. Bu ay
insanları öz mənəvi dünyalarına nəzər salmağa, xeyirxahlıq və
mərhəmət hisslərini daha da gücləndirməyə çağırır.

