Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik – XİN

Baş səhifə

Bakı. Trend:

Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara
cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək,
“erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni
dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan
hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə
dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində
Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını
qətiyyətlə pisləyir və rədd edirik.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli
Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair
şərhində bildirib.

Ayxan Hacızadə vurğulayıb ki, Fransa tərəfinin cavabları onun
Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir
nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir.

“Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan
ermənilər”, “Azərbaycanda saxlanılan erməni əsilli şəxslər” kimi
məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan
ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə
törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi
köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi
və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf
doğurur”.

Onun sözlərinə görə, Fransa tərəfinin özünü sülh prosesinin
tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə
əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini
təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq
olduğunu bir daha göstərir:

“Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu
silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi
sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meylləri
təşviq edir və normallaşma prosesinə zərbə vurur”.

XİN rəsmisi bildirib ki, “Erməni əsirləri və saxlanılan şəxslər”
barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir.

“Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və
məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir.
Azərbaycanda saxlanılan erməni əsilli şəxslər milli qanunvericiliyə
və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə
məsuliyyətə cəlb olunublar. Ermənistanla yanaşı Fransanın da 30 ilə
yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməni
əsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi
təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və
cəzalarını çəkirlər”.

Ayxan Hacızadə qeyd edib ki, Ermənistanda və keçmiş işğal
edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi,
məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını
görməməzliyə vuran Fransa tərəfinin “erməni mədəni və dini irsi”
ilə bağlı iddiaları şərh etməsi gülüncdür.

“Qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya
faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması,
jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması
və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də
Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş
verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan
hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur.

Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də
regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi
Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və
birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm
regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə
vurur”, – deyə XİN rəsmisi fikirlərini yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir