
Bakı. Trend:
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan
dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası
çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük
Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik
münasibətlərinin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafından
məmnunluq ifadə olunub. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki
dövlət” şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün
məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi
diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova bildirib ki, prezidentlər İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada
əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və
qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz özünün ən yüksək
səviyyəsinə çatıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin daha da
genişlənməsində parlamentlərin də vacib rolu qeyd olunaraq, bu
istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluq ifadə
edilib. Parlament sədrləri arasında qarşılıqlı səfərlərin və
görüşlərin, o cümlədən deputatlar arasında sıx təmasların bu
əlaqələrə mühüm töhfələri vurğulanıb. Qeyd olunub ki, qanunverici
orqanlarımız parlament komitələri, dostluq qrupları və parlament
aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər. Eyni zamanda,
parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda
əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında
birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.
Söhbət zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan
Kurtulmuş bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü
məmnunluqla xatırladaraq, görüş barədə müsbət təəssüratlarını
bölüşüb.
Türkiyə Böyük Millət Məclisinin sədri İslam Əməkdaşlıq
Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının
20-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq
bildirərək, bu mühüm tədbirin İslam Əməkdaşlıq Təşkilatı
çərçivəsində tərəfdaşlığın genişləndirilməsi və üzv ölkələrin
parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi
baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.

