
2026-cı ildə qəbul imtahanlarında ilk 700 bal qeydə alınıb.
Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları, eləcə də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
Nəticələrə əsasən, bu il açıqlanan ilk maksimum nəticəni Məcidli Burlaxatun Bəhruz qızı göstərib. O, hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə 700 bal toplayıb. Abituriyent imtahanın birinci mərhələsində 300 bal əldə edib.
Bununla da 2007-ci ildən indiyədək qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 700 bal toplayanların sayı 116 nəfərə çatıb.
İllər üzrə 700 bal toplayanların sayı belə olub:
2007 – 3 nəfər
2008 – 6 nəfər
2009 – 2 nəfər
2010 – 7 nəfər
2011 – 4 nəfər
2012 – 5 nəfər
2013 – 6 nəfər
2014 – 9 nəfər
2015 – 15 nəfər
2016 – 10 nəfər
2017 – 15 nəfər
2018 – 29 nəfər
2019 – 0 nəfər
2020 – 0 nəfər
2021 – 0 nəfər
2022 – 1 nəfər
2023 – 0 nəfər
2024 – 2 nəfər
2025 – 2 nəfər
2026 – hələlik 1 nəfər
Statistikaya görə, indiyədək ən çox 700 bal toplayan 2018-ci ildə qeydə alınıb. Həmin il 29 nəfər maksimum nəticə göstərib. Sonrakı ən yüksək göstərici isə 2015 və 2017-ci illərdə olub, hər iki ildə 15 nəfər 700 bal toplayıb.
Qeyd edək ki, 2026-cı il üzrə yekun rəqəm hələ dəyişə bilər. Çünki qarşıda II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri, eləcə də ikinci şans imtahanı var. Bu səbəbdən builki 700 balların sayının artması istisna olunmur.

