
Bakı. Trend:
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov
Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və
Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya
Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında
əməkdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd edilib.
Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və
investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi
vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil
sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək
qiymətləndirilib.
Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı
rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini
həyata keçirməsi ayrıca qeyd olunub.
Görüş əsnasında, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə
Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da
gücləndirilməsi məsələlərinə toxunulub.

