İƏT Pİ Konfransının 20-ci sessiyası başa çatıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə
keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin
Parlament İttifaqı Konfransının 20-ci sessiyası iyunun 25-də öz
işini davam etdirib.

Trend-in
tədbirdə iştirak edən müxbirinin məlumatına görə, sessiyaya Milli
Məclis sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan
dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin
rəhbəri Rafael Hüseynov moderatorluq edib.

Tədbirdə sessiyanın gündəliyindəki məsələlərə baxılıb, bir sıra
təşkilati məsələlər müzakirə olunub, təşkilatın strukturlarının
hesabatları, qətnamə layihələri təsdiqlənib və digər məsələlər
nəzərdən keçirilib.

Müzakirələrdə nümayəndə heyətlərinin təmsilçiləri çıxış edərək
gündəlikdəki məsələlərə dair fikirlərini və qeydlərini
səsləndiriblər.

Sonra İƏT Pİ-də Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini
Ceyhun Məmmədov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
Parlament İttifaqı Konfransının 20-ci sessiyasının yekun sənədi –
Bakı Bəyannaməsinin layihəsini tədbir
iştirakçılarının diqqətinə çatdırıb.

Geniş müzakirələrdən sonra İslam Əməkdaşlıq Təşkilatına üzv
dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının Bakı
Bəyannaməsi qəbul olunub.

İƏT Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass
konfrans iştirakçılarına göstərilən qonaqpərvərliyə, səmimi
münasibətə və yüksək ehtirama görə Azərbaycan Prezidenti İlham
Əliyevə minnətdarlığını çatdırıb. Baş katib həmçinin tədbirin
nümunəvi şəkildə təşkilinə, hərtərəfli şəraitin yaradılmasına və
konfransın uğurla başa çatdırılmasına göstərdiyi dəstəyə görə Milli
Məclisin sədri və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan
dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının
sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Tədbirə yekun vuran Milli Məclis sədrinin müavini, İslam
Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında
Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov vurğulayıb
ki, konfrans çərçivəsində aparılan müzakirələr və qəbul olunan
qərarlar üzv dövlətlər arasında əməkdaşlığın daha da
möhkəmlənməsinə töhfə verəcək. O, tədbirin işində fəal
iştiraklarına, irəli sürdükləri təşəbbüslərə və səmərəli
müzakirələrə görə üzv ölkələrin nümayəndə heyətlərinə təşəkkürünü
bildirib.

Tədbirin sonunda Qurani-Kərimdən ayələr qiraət olunub.

Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işini uğurla
başa vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir