
Bakı. Trend:
Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.
Milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin
əvvəllərindən başlayıb – 1918-ci ildən. Öz müstəqilliyini elan
etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il
iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu
yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə
Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin
yaradılması istiqamətində mühüm addım oldu.
Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu
prosesi də dayandı. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə
hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində
hərbi kadrların hazırlanması prosesi müsbət dinamika aldı. Bu,
milli ordu quruculuğunda dönüş səhifəsi idi və dinamik bir proses
kimi irəlilədi. Belə ki, Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi
lisey yaradıldı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə
marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına
gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra
C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas
bazalarından birinə çevrildi.
1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə
hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu istiqamətində
mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan
hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra
Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata
keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin
maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin
mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun
yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına
əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər
il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Görkəmli siyasi xadim Heydər Əliyev hərbi təhsil sisteminin daha
da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi
Akademiyanın yaradılması haqqında fərman imzaladı. Akademiyanın
təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması
prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla
bilər.
Ulu öndər Heydər Əliyevin başlatdığı ənənənin davamı olaraq
müstəqillik illərində ordu quruculuğu prioritet istiqamət oldu.
Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələri qurdu.
Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı
məmulatın istehsalının həyata keçirilməsi ölkəmizin hərbi
qüdrətinin artmasının mühüm göstəricilərindəndir. Bu nailiyyətlər
Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz
etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə
qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki
təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.
Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin
maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun
yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil
təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin
inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir.
Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən
hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar,
pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.
Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı
məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah
və hərbi texnikaların satın alınması və hərbi məhsulların
istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi
əməkdaşlıq əlaqələri genişləndirilib.
Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin
dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son
illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və
nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması dövlət
başçımızın Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu
bir daha təsdiq edir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri Qafqazda ən müasir ordu
hesab olunur. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu
sırasında olması həm də belə gərəkli və vaxtında aparılan
islahatlarla bağlıdır.
Azərbaycan ərazilərinin 30 illik işğalına Ordusunun gücü
sayəsində son qoydu. Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə
nəticələnən Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması
istiqamətində uğurlu diplomatik iş aparan Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 2020-ci il 27 sentyabrda
əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində
düşmən üzərində qələbə çalaraq tarixi Zəfərə imza atdı. Qəhrəman
hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin
qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin
şahidi oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər,
Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi
azad edildi. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü
sübut etdi. Düşmənin kapitulyasiyası ordumuzun gücü, düzgün hərbi
strateji qərarlar hesabına əldə olunmuş nəticədir.
Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət
tərəfindən etiraf edilməsi Silahlı Qüvvələrimizin gəlib çıxdığı
vəziyyəti özündə ən aydın ehtiva edir. İkinci Qarabağ müharibəsi
zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik
hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə
salınaraq öyrənilir. İstisna edilmir ki, Azərbaycan Silahlı
Qüvvələri bu gün necə güclüdürsə, gələcəkdə daha da güclü
olacaq.

