AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL)
donanmasına ilk yeni nəsil “Airbus A321neo” təyyarəsini əlavə edib.
Təyyarə 25 iyun 2026-cı il tarixində Hamburq şəhərində keçirilən
tədbirdə təhvil alınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti
məlumat yayıb.

Sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə
AZAL-ın donanmasında “Airbus “A319ceo”, “A320ceo”, “A320neo” və
“A321neo” tipli təyyarələr istismar olunur.

Yeni nəsil “Airbus A321neo”nun təyyarə parkına daxil edilməsi
AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində
növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan
istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə,
əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim
olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə
verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın
marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün
əlavə çeviklik imkanları yaradacaq.

“Airspace” salon konsepsiyası yeni nəsil “Airbus A321neo”
təyyarəsində sərnişin rahatlığının yeni standartını təqdim edir.
Təyyarə sərnişinlərə daha geniş və komfortlu salon təcrübəsi təqdim
edən müasir interyer, fərdiləşdirilə bilən salon işıqlandırması,
böyüdülmüş pəncərələr, tam LED işıqlandırma sistemi və
genişləndirilmiş əl yükü bölmələri ilə təchiz olunub. Bununla
yanaşı, əvvəlki nəsil təyyarələrlə müqayisədə “Airbus A321neo” hər
oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon
emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş
məsafəsinə malikdir.




Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə
malik olan yeni nəsil “Airbus A321neo” 191 sərnişin tutumuna
sahibdir. Təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi (IFE) və
yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Bu isə
sərnişinlərə uçuş müddətində rəqəmsal xidmətlərdən istifadə etməyə,
bortdaxili əyləncə xidmətlərindən faydalanmağa və daim əlaqədə
qalmağa imkan verir.

Bu yaxınlarda daha bir yeni nəsil Airbus A320neo təyyarəsinin
donanmaya qoşulmasının ardınca Airbus A321neo-nun da istismara
verilməsi AZAL-ın müasir və yanacaq sərfiyyatı baxımından səmərəli
təyyarə parkının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.

Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı
planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni
hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə
donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu
da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı
donanma yenilənməsi olacaq.

Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi
planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava
daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə
verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir