26 İyun – Güclü Ordudan Böyük Zəfərə Aparan Yol

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xalqı 26 İyun – Silahlı Qüvvələr Gününü böyük qürur,
yüksək iftixar hissi ilə qeyd edir. Bu gün təkcə peşə bayramı
deyil, həm də müstəqil dövlətimizin gücünün, xalq-dövlət birliyinin
və milli iradəsinin təntənəsidir. Bu tarixin əhəmiyyətini daha
dərindən dərk etmək üçün ordumuzun keçdiyi yola nəzər salmaq
kifayətdir.

Müstəqilliyin ilk illərində AXCP–Müsavat hakimiyyətinin dövlət
idarəçiliyində buraxdığı ciddi səhvlər Azərbaycan tarixinin ən ağır
səhifələrindən biri kimi qiymətləndirilir. Həmin dövrdə dövlət
institutlarının zəifləməsi, siyasi səriştəsizlik, şəxsi və qrup
maraqlarının milli maraqlardan üstün tutulması ölkəni faktiki
idarəolunmaz vəziyyətə gətirmişdi. Orduda vahid komandanlıq yox
idi, hərbi hissələr arasında koordinasiya zəif idi, müxtəlif
silahlı dəstələr dövlətin nəzarətindən kənarda fəaliyyət
göstərirdi. Bu isə döyüş meydanında ardıcıl uğursuzluqlara və
torpaq itkilərinə səbəb oldu.

Məhz həmin dövrdə torpaqlarımızın əhəmiyyətli hissəsi işğal
olundu, minlərlə soydaşımız şəhid verdi, yüz minlərlə insan doğma
yurd-yuvasından didərgin düşdü. Ordudakı nizamsızlıq, hərbi
intizamsızlıq, siyasi çəkişmələrin dövlət maraqlarından üstün
tutulması Azərbaycanın milli təhlükəsizliyinə ciddi zərbə vurdu.
Tarix bu hadisələri obyektiv qiymətləndirir və həmin dövrün acı
nəticələri bu gün də hər kəs üçün dərs olmalıdır.

Ən böyük faciə ondan ibarət idi ki, xalqın taleyi siyasi
təcrübəsizliyin girovuna çevrilmişdi. Dövlət idarəçiliyində
məsuliyyətsizlik, daxili qarşıdurmalar və hakimiyyət uğrunda
mübarizə cəbhədə döyüşən əsgər və zabitlərin fədakarlığını kölgədə
qoyurdu. Nəticədə Azərbaycan ağır hərbi və siyasi itkilərlə
üzləşdi, yüz minlərlə vətəndaş qaçqın və məcburi köçkünə
çevrildi.

Tarix sübut etdi ki, güclü dövlət yalnız güclü idarəçilik və
peşəkar ordu ilə mövcud ola bilər. 1993-cü ildə xalqın tələbi ilə
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni
parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas etdi. Məhz
bundan sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordunun
formalaşdırılması və gələcək Zəfərin təməli qoyuldu.

Bu gün 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər
ilə 1992–1993-cü illərin acı mənzərəsini müqayisə etdikdə fərq
aydın görünür. Bir tərəfdə nizamsızlıq, siyasi məsuliyyətsizlik və
ağır məğlubiyyətlər, digər tərəfdə isə güclü dövlət, peşəkar ordu,
milli birlik və tarixi Qələbə dayanır. Bu müqayisə Azərbaycan
dövlətçiliyinin hansı prinsiplər üzərində inkişaf etməli olduğunu
açıq şəkildə göstərir.




Bu məqsədyönlü siyasətin ən möhtəşəm nəticəsi 2020-ci ildə 44
günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər oldu.
Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
torpaqlarımızı işğaldan azad etdi, otuz ilə yaxın davam edən
ədalətsizliyə son qoydu və xalqımızın milli qürurunu özünə
qaytardı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal
xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün
ərazisində dövlət suverenliyi tam bərpa edildi.

Hazırda Azərbaycan Ordusu yalnız regionun deyil, daha geniş
coğrafiyanın ən peşəkar, intizamlı və yüksək döyüş qabiliyyətinə
malik silahlı qüvvələrindən biri hesab olunur. Ordumuz müasir
texnologiyalara yiyələnmiş, vətənpərvərlik ruhunda formalaşmış,
xalqın sonsuz etimadını qazanan güclü bir hərbi qüvvəyə
çevrilmişdir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi
qulluqçularımızı, müharibə veteranlarını və şəhid ailələrini dərin
ehtiramla salamlayır, şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla
yad edirik. Məhz onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu
gün Azərbaycan qalib dövlətdir, qalib ordunun sahibidir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident, Ali Baş
Komandan İlham Əliyevin uğurla inkişaf etdirdiyi ordu quruculuğu
siyasəti bundan sonra da davam edəcək, Azərbaycan Silahlı Qüvvələri
dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və xalqımızın
təhlükəsizliyinin etibarlı təminatçısı olaraq daha da
güclənəcəkdir.

Yaşasın müstəqil Azərbaycan! Yaşasın qalib Azərbaycan
Ordusu!

Əminə Ağazadə
Milli Məclisin deputat

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir