
Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) Azərbaycanda islam maliyyəsinin
inkişafını dəstəkləməyə tam sadiqdir.
Bunu İslam İnkişaf Bankının islam maliyyəsi üzrə mütəxəssisi
Yəhya Rəhman Almatıda keçirilən Avrasiya İnkişaf Bankının (AİB)
İllik Toplantısı və biznes-forumu çərçivəsində Trend-ə açıqlamasında
deyib.
“Hələ ötən həftə Bakıda illik toplantımızı keçirdik. Görürük ki,
Azərbaycan islam maliyyəsinin inkişafına böyük maraq göstərir. Biz
Azərbaycan Mərkəzi Bankı ilə hüquqi və normativ bazanın yaradılması
istiqamətində əməkdaşlıq edirik. Bundan əlavə, bu yaxınlarda sukuk
emissiyası ilə bağlı kapital bazarı sahəsində yeni texniki yardım
layihəsinə başlamışıq”, – deyə Rəhman bildirib.
O qeyd edib ki, Azərbaycan islam maliyyəsinin inkişafı üçün
zəruri əsasların və əlverişli ekosistemin formalaşdırılması
istiqamətində fəal iş aparır.
“Hesab edirəm ki, perspektivlər çox yaxşıdır. Çünki Azərbaycan
möhkəm iqtisadi göstəricilərə malik inkişaf edən iqtisadiyyatdır.
Azərbaycanda islam maliyyəsinin potensialı kifayət qədər böyükdür
və İslam İnkişaf Bankı bu prosesi dəstəkləməyə tam sadiqdir”, –
deyə bankın nümayəndəsi vurğulayıb.

