Atam işini layiqincə görürdü – Murad Heydərov

Baş səhifə

Bakı. Trend:

Atam işini həmişə layiqincə görür və bunu qəhrəmanlıq hesab
etmirdi.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Murad Heydərov Azərbaycanın
görkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun 100 illik
yubileyinə həsr olunmuş “Biz səni xatırlayırıq, Arif!” sənədli
filminin premyerasında çıxışında bildirib.

Onun sözlərinə görə, atasının 100 illiyi münasibətilə ən böyük
hədiyyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir:

“Filmin çəkilişi zamanı arxiv sənədlərinə və konkret faktlara
əsaslanmağa çalışmışıq. Filmin hazırlanmasında dəstək göstərən hər
kəsə minnətdarlığımızı bildiririk. Biz bu filmdə Arif Heydərovun
şəxsiyyətini daha dərindən açmağa, həmçinin onun fəaliyyət
göstərdiyi dövrün ictimai-siyasi kontekstini göstərməyə
çalışmışıq”.




Qeyd edək ki, premyera mərasimində Milli Məclisin sədr müavini,
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru Rafael Hüseynov, “Alyans” Azərbaycan Xüsusi Xidmət
Orqanları Veteranlarının İctimai Birliyinin Fəxri Sədri Şamil
Süleymanov və Azərbaycan Yazıçılar Birliyinin birinci katibi,
yazıçı Çingiz Abdullayev də çıxış ediblər.

Çıxışlarda Arif Heydərovun Azərbaycan dövlətçiliyinə,
təhlükəsizlik və hüquq-mühafizə orqanlarının inkişafına verdiyi
töhfələrdən, peşəkarlığından və dövlətə sədaqətindən bəhs olunub.
Bildirilib ki, onun həyat və fəaliyyəti təkcə bir şəxsin taleyi
deyil, həm də Azərbaycanın mürəkkəb ictimai-siyasi dövrünü əks
etdirən mühüm tarixi mərhələdir. Natiqlər Arif Heydərovun İkinci
Dünya müharibəsində, o cümlədən “Visla-Oder” əməliyyatında
göstərdiyi xidmətlərə, sonrakı illərdə dövlət təhlükəsizliyi və
daxili işlər orqanlarında uğurlu fəaliyyətinə diqqət çəkiblər.
Çıxışlarda onun ölümünün səbəbləri ilə bağlı müxtəlif
araşdırmalardan bəhs edilərək, bu hadisənin bütün istiqamətləri ilə
araşdırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, sənədli filmin
Arif Heydərovun həyat yolunu, şəxsiyyətini və fəaliyyət göstərdiyi
dövrün tarixi-siyasi reallıqlarını gələcək nəsillərə çatdırmaq
baxımından əhəmiyyəti qeyd olunub.

Filmin rejissorları Əlisəttar Quliyev və Rüstəm Babazadə,
ssenari müəllifi Leonid Mleçindir. Filmin layihə rəhbəri isə Arif
Heydərovun oğlu Murad Heydərovdur.

Filmdə Arif Heydərovun sevdiyi mahnı və musiqilərdən istifadə
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir