
Bakı. Trend:
“Lockheed Martin” korporasiyası uzaqmənzilli zərbələrin
endirilməsi imkan verən yeni nəsil hipersəs planerləşən döyüş bloku
hazırlayıb.
Bu barədə şirkətin məlumatında deyilir.
“Mövcud modellərlə müqayisədə yeni planerləşən uçuş aparatı daha
yüksək sürətə və uçuş məsafəsinə malikdir. Layihədə əsas diqqət
istehsal xərclərinin azaldılmasına və genişmiqyaslı istehsal
imkanlarının yaradılmasına yönəlib”, – məlumatda bildirilib.
Yeni döyüş blokunun texniki xüsusiyyətləri açıqlanmır. Şirkətin
məlumatına görə, növbəti nəsil planerləşən döyüş bloku (Next
Generation Glide Body – NXGB) daha əvvəl uzaqmənzilli hipersəs
raketləri (LRHW) üçün hazırlanmış CHGB planerləşən blokunun
konusvari formasından fərqli konstruksiyaya malikdir. Bu
konstruksiya daha yüksək qaldırıcı qüvvə-müqavimət nisbətini təmin
edəcək.
NXGB döyüş bloku ilə təchiz olunmuş hipersəs raketinin ilk uçuş
sınağının 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Şirkət bu yeni hazırlıq barədə ABŞ Ordusunun aprel ayında “Lockheed Martin” tərəfindən hazırlanmış CHGB planerləşən döyüş
blokunun gələcək satınalmalarından imtina edərək daha ucuz
alternativlərə üstünlük verəcəyini açıqlamasından sonra məlumat
yayıb. Bu qərar CHGB ilə bağlı bütün uçuş sınaqları başa
çatdırıldıqdan və yazın əvvəlində həmin döyüş bloku ilə təchiz
olunmuş ilk raketlərin qoşunlara təhvil verilməsinin
planlaşdırılmasına baxmayaraq qəbul edilib.
CHGB səs sürətindən beş dəfə artıq (təxminən saatda 6 min
kilometr) sürət yığa bilir. Aparat hündürlük və istiqamət üzrə
manevr etmək qabiliyyətinə malik olduğundan raketdən müdafiə
sistemləri tərəfindən aşkarlanması çətinləşir.
Lakin əvvəlki hipersəs sisteminin yüksək dəyəri və mürəkkəb
konstruksiyası onun istehsalını ildə 24 raketlə məhdudlaşdırırdı.
Bir raketin dəyəri isə 35-40 milyon ABŞ dolları arasında
dəyişirdi.

