
Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi ABŞ və Körfəz Əməkdaşlıq Şurası
(KƏŞ) ölkələrinin birgə bəyanatını tənqid edib.
Xarici media yazır ki, İran tərəfi bəyanatın regiondakı
vəziyyətin sabitləşməsinə töhfə vermədiyini qeyd edib.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, ABŞ
Dövlət Katibi və Körfəz Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin
25 iyun 2026-cı il tarixli bəyanatında göstərilən mövqeləri
aqressiv, məsuliyyətsiz və təxribatçı hesab edir və bölgədə davam
edən hərbi hərəkətlər və müdaxilə barədə xəbərdarlıq edir.
Qeyd olunur ki, indi həmişəkindən daha çox ABŞ-nin bölgədəki
hərbi mövcudluğunun sadəcə bölgə xalqları üçün bir yük və
qeyri-sabitlik və bölünmə amili olduğu aydındır. Tehran öz
növbəsində yerli dövlətlərin bölgədəki Amerika qoşunlarının
mövcudluğuna münasibətlərini yenidən nəzərdən keçirəcəklərinə ümid
etdiyini bildirib.
İran Xarici İşlər Nazirliyi Körfəz ölkələrinə ABŞ-nin İranın
nüvə proqramı ilə bağlı bəyanatlarını dəstəkləməməyi, əksinə Yaxın
Şərqdə nüvə silahından azad zonanın yaradılmasını təşviq etməyi
tövsiyə edib.
Xatırladaq ki, Bəhreyndə ABŞ və Körfəz Əməkdaşlıq Şurası
ölkələri arasında nazirlər səviyyəsində görüş keçirilib və nəticədə
birgə bəyanat qəbul edilib. Tərəflər Hörmüz boğazı üzərində rüsum,
ödəniş və ya nəzarət tətbiq etmək cəhdlərini qəti şəkildə rədd
edərək, sərbəst, qeyd-şərtsiz və məhdudiyyətsiz naviqasiyanın
vacibliyini vurğulayıblar. Tərəflər ABŞ və İran arasında anlaşma
memorandumunu alqışlayıblar, lakin İranın nüvə silahı əldə
etməsinin qarşısını almağın və regional İranpərəst qüvvələrə
dəstəyini dayandırmağın vacibliyini vurğulayıblar.

