​Toydan bir gün sonra boşandılar:

Baş səhifə

Millət vəkili Ceyhun Məmmədovun tanış bir hakimin təcrübəsinə istinadən paylaşdığı fakt – gənclərin nikahdan cəmi bir gün sonra boşanmaq üçün məhkəməyə müraciət etməsi cəmiyyətdə ciddi rezonans doğurub. Bu açıqlama müasir dövrdə ailə institutunun üzləşdiyi dərin mənəvi və psixoloji böhranın miqyasını növbəti dəfə gözlər önünə sərir. Məsələnin kökündə dayanan psixoloji amillər, illüziyaların dağılması və real məsuliyyətlə qəfil qarşılaşma anı böyük maraq doğurur.

Psixoloq Vüsalə Rüstəm Metbuat.az saytına açıqlamasında deyib ki, toydan dərhal sonra baş verən bu cür boşanmaların arxasında emosional yetkinliyin olmaması və münasibətlərin tamamilə zahiri, qondarma dəyərlər üzərində qurulması dayanır:

“Gənclər çox vaxt evliliyi yalnız təmtəraqlı bir toy məclisindən və sosial şəbəkələrdə nümayiş etdiriləcək ideal kadrlardan ibarət hesab edirlər, lakin şənlik ab-havası bitib real həyat başladıqda ilk psixoloji toqquşmada dözümsüzlük nümayiş etdirirlər”.

Fotoda: psixoloq Vüsalə Rüstəm

Psixoloq qeyd edib ki, cütlüklərin bir günün içində ayrılma qərarı verməsi onların qarşılıqlı güzəşt mədəniyyətindən uzaq olduqlarını, nikahdan əvvəl tərəfdaşlarının real xarakterini, gizli psixoloji travmalarını və gözləntilərini düzgün analiz etmədiklərini göstərir: “Nikahın ilk günündə tərəflərin bir-birinin hər hansı bir hərəkətinə, ifadəsinə və ya keçmişinə aid qəfil üzə çıxan bir sirlə bağlı göstərdiyi aqressiv və barışmaz reaksiya, daxili qorxuların və psixoloji hazırlıqsızlığın pik nöqtəsidir. Belə anlarda tərəflər problemi dialoq yolu ilə həll etmək əvəzinə, fərdi eqolarını qorumaq üçün ən asan yolu – qaçışı və boşanmanı seçirlər ki, bu da müasir gəncliyin psixoloji dayanıqlığının son dərəcə zəif olduğunu sübut edir”.

Mütəxəssis vurğulayıb ki, bəzi hallarda kişilərdə gizli psixoloji pozuntu olduğu üçün ağla gəlməyən fantaziyalarını həyata keçirmək istəyirlər, bu isə qarşı tərəfdə təhqir və şəxsiyyətin alçalması kimi anlaşılır və geridönüşsüz proses baş verir: “Qadın gedən də, ata-ana sözü ilə dözüb həmin kişi ilə eyni damın altında qalanda da zərərçəkmiş tərəf olur”.

Vüsalə Rüstəm evlənmək istəyən gənclərə tövsiyə edib ki, hisslərin ötəri heyranlığına qapılmaq əvəzinə, bir-birlərini xarakter, dünyagörüşü və həyat prinsipləri baxımından dərindən tanımağa zaman ayırsınlar: “Evlilik yalnız sevgi dumanından ibarət deyil. Bura qarşılıqlı hörmət, böyük məsuliyyət və ən çətin anlarda belə ortaq məxrəcə gələ bilmək bacarığı daxildir. Gənclər toy öncəsi mütləq psixoloji hazırlıqdan keçməli, ailə həyatının gətirdiyi öhdəlikləri dərk etməli, münasibətləri illüziyalar deyil, real təməllər üzərində qurmağa çalışmalıdırlar”.

Səbinə Hüseynzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir