
Bakı. Trend:
Əldə olunan anlaşmalara əsasən Hörmüz boğazının idarə olunması
İranın öhdəliyindədir.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İraqda
iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında deyib.
Əraqçi bildirib ki, mövcud maneələrin aradan qaldırılmasından
sonra Hörmüz boğazının idarə olunması və dəniz keçidi üçün tam
şəkildə açılması İranın öhdəliyindədir. Hazırda da bununla əlaqədar
tədbirlər görülməkdədir.
“Bu mexanizmin icrası sırf İranın üzərinədir və heç bir ölkə və
ya başqa qurumun bu haqda məsuliyyəti yoxdur”, – deyə o
bildirib.
Əraqçi bildirib ki, mövcud anlaşmalara zidd tədbirlərin
görülməsinə səy göstərmək və yaxud hər hansı müdaxilə sadəcə
vəziyyətin daha da mürəkkəbləşməsi, Hörmüz boğazında vəziyyətin
normala dönməsinin gecikməsi və regionda gərginliyin artması ilə
nəticələnəcək.
“Bütün tərəflərdən əldə olunan anlaşmalara hörmətlə yanaşmağı
Hörmüz boğazının idarə olunması prosesində istənilən müdaxilədən
çəkinməyi və anlaşmaların öz istiqamətində icra olunmasına şərait
yaratmalarını istəyirəm”, – deyə o bildirib.
İranlı nazir deyib ki, İran İraq xarici işlər naziri Fuad
Hüseynin Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrlə İran və
İraq arasında danışıqlara başlanması ilə əlaqədar təklifini müsbət
qarşılayır və bu təşəbbüsün irəliləməsi məqsədilə İraq hökuməti ilə
tam əməkdaşlıq etməyə hazırdır.
Qeyd edək ki, ötən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığı (CENTCOM) Hörmüz bğazında kommersiya gəmisinə edilən
hücuma cavab olaraq İran ərazisinə zərbələr endirdiyini
açıqlayıb.
İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) da ABŞ ordusunun
hücumlarına cavab olaraq Birləşmiş Ştatları ordusunun bölgədəki
yerləşmə məntəqələrinə zərbələr endirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

