
Fransada iyunun 24-dən bəri müşahidə olunan rekord isti hava dalğası nəticəsində təxminən 1000 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Fransanın ictimai səhiyyə orqanlarının açıqlamasına görə, qeydə alınan ölüm halları gözləniləndən xeyli çoxdur. Həlak olanların 85 faizini 65 yaşdan yuxarı şəxslər təşkil edir.
Ən ağır vəziyyət yüksək temperaturla bağlı ən yüksək təhlükə səviyyəsinin elan olunduğu bölgələrdə qeydə alınıb. Xüsusilə Paris və ətrafını əhatə edən İl-de-Frans regionunda ev şəraitində baş verən ölüm hallarının sayında ciddi artım müşahidə olunub.
Səhiyyə qurumu bildirib ki, hadisələr tək yaşayan və sosial təcrid şəraitində olan insanlara daha çox diqqət ayrılmasının vacibliyini bir daha göstərir.
Rəsmilər vurğulayıblar ki, açıqlanan statistika hələ yekun deyil. Qocalar evlərindən daxil olacaq məlumatlardan sonra ölüm sayının daha da arta biləcəyi istisna olunmur.
Bir neçə gün davam edən rekord istilərdən sonra bazar günü ölkənin əksər bölgələrində temperatur nisbətən aşağı düşsə də, Fransanın şimal-şərqində isti hava ilə bağlı xəbərdarlıqlar qüvvədə qalır.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, isti hava dalğasının insan sağlamlığına təsirləri temperatur normallaşdıqdan sonra da 7–10 gün davam edə bilər.
Alimlər isə bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən ekstremal isti hava dalğalarının həm tezliyi, həm də intensivliyi artır. Son həftələrdə Avropanın bir sıra ölkələrində temperatur rekordları yenilənib, nəqliyyat, enerji və səhiyyə sistemlərinin fəaliyyətində ciddi çətinliklər yaranıb.

