
Bakı. Trend:
Bu ilin birinci rübündə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan
iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 2,075 milyon ABŞ
dolları təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında
bildirilib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 455 min ABŞ dolları və ya 28,1% çoxdur.
Hesabat dövründə Azərbaycana yönəldilən birbaşa xarici
investisiyaların ümumi həcmində AİB-in payı 0,1% təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin ilk rübündə Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 1,720 milyard
ABŞ dollarına çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə
201,2 milyon ABŞ dolları və ya 13,2% artım deməkdir.
Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələrin
iqtisadiyyatına yönəldilmiş birbaşa investisiyaların həcmi 1,110
milyard ABŞ dolları olub ki, bu da ötən ilin analoji dövrü ilə
müqayisədə 794,7 milyon ABŞ dolları və ya 3,5 dəfə çoxdur.
Azərbaycan ilə Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlıq
uzun illərdir nəqliyyat, energetika, su təchizatı, dövlət
idarəçiliyi və özəl sektorun inkişafı kimi müxtəlif istiqamətləri
əhatə edir. Son illərdə tərəflər arasında əməkdaşlığın əsas
prioritetlərindən biri regional bağlantının gücləndirilməsi, Orta
Dəhlizin inkişafı və yaşıl enerji layihələrinin dəstəklənməsi olub.
Bu ilin ilk rübündə AİB-in Azərbaycan iqtisadiyyatına yönəltdiyi
birbaşa investisiyaların həcminin artması da tərəfdaşlığın
genişləndiyini göstərir.
Bu əməkdaşlığın perspektivlərindən danışan AİB-in Mərkəzi və
Qərbi Asiya departamentinin baş direktoru Leya Qutyerres Trend-ə
müsahibəsində bildirib ki, Bank Orta Dəhliz boyunca nəqliyyat,
ticarət və enerji sahələrində inteqrasiyanın dərinləşdirilməsi
istiqamətində fəaliyyətini daha da gücləndirir.
Leya Qutyerres Trend-ə bildirib ki, qurumun əsas
təşəbbüslərindən biri Orta Dəhlizlə uzlaşan CAREC-2 nəqliyyat
marşrutunun inteqrasiya olunmuş iqtisadi dəhlizə çevrilməsidir.
Onun sözlərinə görə, bu çərçivədə infrastruktur və logistika
sahələrinə investisiyalar tənzimləyici islahatlarla uzlaşdırılacaq,
məqsəd isə Xəzər regionunda tranzit əlaqələrinin gücləndirilməsi və
region ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarının
genişləndirilməsidir.
L.Qutyerres qeyd edib ki, AİB hazırda CAREC-2 dəhlizinin
inkişafı üzrə xüsusi strategiya hazırlayır. Strategiyada
sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi, ticarətin
rəqəmsallaşdırılması və logistika mərkəzlərinin inkişafı kimi az
xərc tələb edən, lakin yüksək səmərə verən layihələrə üstünlük
veriləcək. Bununla yanaşı, uzunmüddətli nəqliyyat infrastrukturunun
yenilənməsi üçün də zəmin yaradılacaq.
O əlavə edib ki, AİB Avropa Komissiyasının Transxəzər Nəqliyyat
Dəhlizi üzrə Koordinasiya Platformasında iştirak edərək regiondakı
təşəbbüslərin əlaqələndirilməsinə töhfə verir.
Enerji sahəsinə toxunan L.Qutyerres bildirib ki, AİB və Asiya
İnfrastruktur İnvestisiya Bankı Xəzər dənizinin dibi ilə çəkilməsi
planlaşdırılan elektrik kabeli vasitəsilə Orta Asiyadan
Azərbaycana, buradan isə Avropaya “yaşıl” elektrik enerjisinin
ötürülməsini nəzərdə tutan “Yaşıl enerji dəhlizi” layihəsinin
texniki-iqtisadi əsaslandırılmasına dəstək göstərir.
Onun sözlərinə görə, bu layihə regionda təmiz enerji ticarətinin
inkişafı, ölkələr arasında əlaqəliliyin gücləndirilməsi və
uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunması baxımından
böyük potensiala malikdir.

