
Bakı. Trend:
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə
həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət
ünvanlayıb.
Müraciətin mətni Azərbaycan Prezidentinin rəsmi internet
saytında dərc edilib.
Müraciətdə qeyd olunub:
“Hörmətli iştirakçılar!
Sizi Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr
olunmuş Türk Dünyası Həftəsinin öz işinə başlaması münasibətilə
səmimi-qəlbdən salamlayıram.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə
dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının
Dövlət Başçıları Şurasının 12‑ci Zirvə Görüşü zamanı irəli sürdüyüm
təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar
Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına
sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.
Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə
Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur
tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci
Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk
xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq
təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.
Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix,
etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə
bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına
keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu
unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi
təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü
ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli
teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli
özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk
dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı
şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu
ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi
ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri
kimi tanınırdı.
Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca
fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet
totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə
alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli
şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular.
Onların xatirəsini bu gün də ehtiramla yad edirik.
Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk
aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni
həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu
oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin
süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının
mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır.
Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq
humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla
gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji
Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.
Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış
əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc
mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və
sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da
əsirgəməyəcəyik.
İnanıram ki, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə
tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına,
öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın
əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və
yaddaşlarda silinməz iz qoyacaqdır”.

