
Bakı. Trend:
Bakı Dövlət Univeristeti Türkşünaslıq araşdırmalarını özünün
prioritet istiqamətlərindən biri hesab edir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin
rektoru Elçin Babayev Birinci Türkoloji Qurultayın 100 illik
yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində keçirilən
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir
çağırışlar kontekstində” adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, hazırda universitetimizdə türkşünaslıq
araşdırmaları bir neçə kafedrada – Türkologiya, Türk filologiyası,
Türk xalqlarının tarixi, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan
dilçiliyi və Azərbaycan tarixi kafedralarında, eləcə də
elmi-tədqiqat mərkəz və laboratoriyalarında – Mədəni irs
araşdırmaları mərkəzində, Qərbi Azərbaycan araşdırmaları
mərkəzində, Türkşünaslıq araşdırmaları, Azərbaycan dilinin tətbiqi
məsələləri, Dədə Qorqud, Azərbaycan mühacirət ədəbiyyatı və bədii
tərcümə elmi-tədqiqat laboratoriyalarında həyata keçirilir:
“Bakı Dövlət Universiteti Qazaxıstan, Türkiyə, Özbəkistan və
Gürcüstanın nüfuzlu ali təhsil müəssisələri və elmi mərkəzləri ilə
sıx əməkdaşlıq edir.
Bu prosesdə ali təhsil müəssisələrinin qarşısında duran əsas
vəzifələrdən biri elmi və texnoloji tərəqqinin ən yüksək səviyyəyə
qaldırılmasıdır. Ali təhsil müəssisələri vahid elmi məkanın
formalaşdırılması, ortaq layihələrin həyata keçirilməsi və elmi
məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verməlidir.
Digər mühüm məsələ isə gənc tədqiqatçıların hazırlanmasıdır.
Yeni nəsil türkologlar yalnız klassik filoloji biliklərə deyil, həm
də rəqəmsal texnologiyalar, məlumat bazalarının idarə olunması,
statistik analiz, süni intellekt alətlərindən istifadə və
beynəlxalq elmi kommunikasiya bacarıqlarına yiyələnməlidirlər.
Ali məktəblər eyni zamanda türk dillərinin müqayisəli tədqiqi,
ortaq terminologiyanın zənginləşdirilməsi, birgə elmi tədqiqat
layihələrinin həyata keçirilməsi, elmi nəşrlərin beynəlxalq elmi
bazalarda sayının artırılması, akademik mobilliyin
genişləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, həmçinin
ortaq magistratura və doktorantura proqramlarının yaradılması
istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər”.

