
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri, “Azərbaycan Nəqliyyat və
Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsinin Müşahidə
Şurasının sədri Rəşad Nəbiyev sosial şəbəkə hesabında AZSET
bakalavr proqramı ilə bağlı paylaşım edib.
Nazir bildirib ki, AZCON Holding AZSET bakalavr proqramı ilə
tələbələr üçün təhsil və sənaye arasında körpü yaradır.
“Beynəlxalq akademik yanaşmanı praktik təcrübə ilə birləşdirən
proqram gələcəyin mühəndislərinə peşəkar inkişaf və karyera
imkanları təqdim edir”, – deyə R.Nəbiyev vurğulayıb.
Qeyd edək ki, iyunun 10-da “AZCON School of Engineering and
Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET)
qəbul üçün qeydiyyat başlayıb.
AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU)
əməkdaşlığı, “TUM International GmbH”nın akademik dəstəyi ilə
həyata keçirilən AZSET beynəlxalq akademik standartları sənaye
təcrübəsi ilə birləşdirən innovativ bakalavr təhsil
proqramıdır.
Proqram Azərbaycanın ali təhsil müəssisələrinin təbiət, texniki,
texnoloji və əlaqəli ixtisaslarında təhsil alan, birinci kursu
uğurla başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Namizədlərdən
minimum 81 ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və ən azı B2
səviyyəsində ingilis dili biliyi tələb olunur.
Şərtlərə cavab verən tələbələr 15 iyul 2026-cı il tarixinədək
qeydiyyatdan keçərək seçim mərhələsində iştirak edə bilərlər.
AzTU-nun nəzdində təsis edilmiş AZSET çərçivəsində tələbələr
kompüter elmləri üzrə beynəlxalq standartlara uyğun təhsil alacaq,
eyni zamanda AZCON ekosistemində fəaliyyət göstərən şirkətlərdə
real layihələr üzərində işləyərək praktiki təcrübə qazanacaqlar.
Tədris tamamilə ingilis dilində aparılacaq və Münhen Texniki
Universitetinin (TUM) akademik yanaşması, kurikulumu və
qiymətləndirmə standartları əsasında təşkil olunacaq.
Seçim mərhələsini uğurla keçən tələbələr təhsillərini ikinci
kursdan etibarən AZSET proqramında davam etdirə biləcəklər. Proqram
məzunları AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı,
“TUM International GmbH” sertifikatını əldə edəcəklər. Yüksək
nəticə göstərən tələbələr üçün Münhen Texniki Universitetinə tədris
səfərləri, məzunlar üçün isə AZCON ekosistemində karyera imkanları
nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Azərbaycanda ali təhsil sahəsində
mühüm yenilik olaraq “AZCON School of Engineering and Technology” –
AZCON Mühəndislik və Texnologiya Məktəbi (AZSET) fəaliyyətə
başlayıb.
AZSET proqramı AZCON Holding və Azərbaycan Texniki
Universitetinin (AzTU) əməkdaşlığı, “TUM International GmbH”nın
(TUMint) dəstəyi ilə ərsəyə gəlib.
AZSET AzTU-nun nəzdində fəaliyyət göstərəcək və “TUMint”in
akademik dəstəyi ilə ödənişsiz, tam ingilis dilində təhsil təqdim
edəcək.
Təhsil proqramı hazırda kompüter elmləri ixtisası üzrə
beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına yönəlib.
Azərbaycanın istənilən akkreditə edilmiş ali təhsil
müəssisəsində birinci kursun hər iki semestrini tamamlayan əyani
formada təhsil alan tələbələr qəbul üçün müraciət edə bilərlər.
Tələbələr tədris prosesinin II kursundan başlayaraq bakalavr
təhsilini AZSET-də davam etdirə biləcəklər. Onlar məzun olduqda
AzTU-nun bakalavr diplomunu və “TUM International GmbH”
sertifikatını əldə edəcəklər. Məzunlar eyni zamanda AZCON
ekosistemində təcrübə və karyera imkanları qazanacaqlar.
AZSET-in əsas məqsədi sənaye ilə təhsilin inteqrasiyasını təmin
edərək Azərbaycanın texnoloji inkişafına töhfə vermək və gələcəyin
mühəndislərini yetişdirməkdir.

