Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Baş səhifə

Bakı. Trend:

İyulun 29-da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı,
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə XV Qəbələ
Beynəlxalq Musiqi Festivalı başlayır.

Avqustun 3-dək davam edəcək festivalda beynəlxalq miqyasda
tanınmış ifaçılar, musiqi kollektivləri Qəbələdə bir araya
gələcək.

Azərbaycanla yanaşı musiqi bayramında Avstriya, Qazaxıstan,
Moldova, Özbəkistan və Vyetnamdan olan musiqiçilər və rəqqaslar
iştirak edəcək.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı
iyulun 29-da Azərbaycanın Xalq artisti Ramiz-Məlik Aslanovun
dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Tələbə Simfonik Orkestrinin konserti ilə baş tutacaq. Musiqi
gecəsində Azərbaycan və Avropa bəstəkarlarının əsərləri
səslənəcək.

Festivalın növbəti günü tamaşaçılar Vyetnamdan gələn “Bronze
drum” Ansamblının, Özbəkistandan “Bek” Doyraçılar Ansamblının
ifalarını dinləyəcək, Özbəkistanın “Daşkənd Zeboları” Xalq Rəqs
Ansamblının solistlərinin çıxışlarını izləyəcəklər.

İyulun 31-də Əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və
Mustafa Mehmandarovun dirijorluğu ilə DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti olacaq. Elə
həmin gün festivalda sevilən muğam ifaçıları, həmçinin muğam
müsabiqəsinin laureatlarının iştirakı ilə muğam axşamı təşkil
ediləcək.

Festivalın 4-cü günü – avqustun 1-də avstriyalı pianoçu
Aleksandr Maria Vaqner “Kamera musiqi axşamı”nda çıxış edəcək.
Həmin gecənin daha bir özəlliyi – “Dünya kinofilmlərindən sevilən
musiqi parçaları” adlı konsert proqramıdır. Mustafa Mehmandarovun
bədii rəhbərliyi və dirijorluğu ilə “Scorrendo” Orkestri Azərbaycan
və xarici filmlər – “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Xaç
atası”, “Matrisa”, “Görüş”, “Cangüdən“, “Şindlerin siyahısı”,
“Ceyms Bond” və digərlərindən dillər əzbəri olan musiqiləri ifa
edəcək.




Avqustun 2-də isə səhnə Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyası tələbələrinin ixtiyarına veriləcək. Gənc musiqiçilərin
təqdim edəcəyi konsertdə Azərbaycan və Avropa bəstəkarlarının
əsərləri səslənəcək.

Həmin gün tamaşaçılar qarşısında Moldovanın “Fluieraș” Xalq
Mahnı və Rəqs Ansamblı və “Millenium” etno-estrada qrupu da çıxış
edəcək.

Daha sonra Qazaxıstandan olan sənətkarların təqdimatında Luvr
kolleksiyasına daxil olan qədim Şirvan xalçasından ilhamlanaraq
ərsəyə gələn “İki xalça” baleti nümayiş etdiriləcək. Layihənin
ideya müəllifi, libretto müəllifi Valeri Kopeykindir.

Beynəlxalq Musiqi Festivalı avqustun 3-də Əməkdar artist Fuad
İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin konserti ilə yekunlaşacaq. Gecəni Xalq
artistləri Azər Zeynalov (tenor), Dinarə Əliyeva (soprano), Elçin
Əzizov (bariton), Samir Cəfərov (tenor), Əməkdar artistlər Elnarə
Məmmədova (lirik-koloratur soprano), Sahib Paşazadə (tar) və
beynəlxalq müsabiqələr laureatlarının ifaları bəzəyəcək.

2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı
illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda
toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu
musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni
zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu
unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.

Ənənəyə uyğun olaraq yay fəslində təşkil edilən bu beynəlxalq
mədəniyyət tədbiri bu il də parlaq ifalar vəd edir.

Festival günlərindəki konsert proqramlarına giriş
sərbəstdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir