
Bakı. Trend:
Müasir texnologiyalar gələcəkdə humanitar axtarış
əməliyyatlarının ayrılmaz tərkib hissəsinə çevriləcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan
Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun
rəhbəri Qəzənfər Əhmədov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq
Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər
məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın
gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu texnologiyalar mütəxəssislərin zəngin
təcrübəsini və peşəkarlığını tamamlayaraq itkin düşmüş şəxslərin
taleyinin aydınlaşdırılması istiqamətində daha səmərəli nəticələr
əldə etməyimizə imkan verəcək:
“Bu münasibətlə, Dövlət Komissiyasına İnteqrasiya edilmiş
Məlumatların İdarəolunması Sistemi (IDMS) və Onlayn Sorğu
Mərkəzinin (OIC) Azərbaycan dili versiyasını təqdim etdiyinə görə
xanım Ketrin Bombergerə və Beynəlxalq İtkin Şəxslər Komissiyasının
(ICMP) bütün kollektivinə səmimi minnətdarlığımızı bildirirəm.
Əminik ki, bu müasir rəqəmsal alətlər fəaliyyətimizi daha da
gücləndirəcək və itkin düşmüş şəxslərin taleyinin
müəyyənləşdirilməsi istiqamətində imkanlarımızı əhəmiyyətli
dərəcədə artıracaq. Həmçinin, dəfn yerlərinin axtarışı, qazıntı
işləri, eksqumasiya, insan qalıqlarının identifikasiyası və
şəxsiyyəti müəyyən edilmiş itkinlərimizin dəfn mərasimlərinin
təşkili prosesində iştirak edən bütün dövlət qurumlarına dərin
təşəkkürümü bildirirəm. Dövlət Komissiyasının İşçi Qrupu bütün
aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan Respublikası
rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin yüksək
məsuliyyət, peşəkarlıq və qətiyyətlə icrasını bundan sonra da davam
etdirəcək”.

