
Bakı. Trend:
Azərbaycanda gömrük rüsumlarından azad edilən istehsal
fəaliyyətlərinin siyahısı genişləndiriləcək.
Trend-in
iclasdakı müxbiri xəbər verir ki, bu, Milli Məclisin bugünkü
iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” qanunda
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xarici iqtisadi fəaliyyətin mal
nomenklaturası üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş Ələt azad
iqtisadi zonasında Azad Zona hüquqi şəxsi tərəfindən tamamilə
istehsal edilmiş və ya emala məruz qalma meyarlarına uyğun olaraq
kifayət qədər emal olunmuş Azərbaycan Respublikası mənşəli malların
həcminin azı 50 faizinin ölkə hüdudlarından kənara ixracı şərtilə,
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada Ələt azad iqtisadi zonasından əsas
iqtisadiyyata gətirilməsi malı istehsal və ya emal edən Azad Zona
hüquqi şəxsinin təsis olunduğu tarixdən 15 il müddətində gömrük
rüsumlarından azad ediləcək.
Bildirilib ki, qanun layihəsi Ələt Azad İqtisadi Zonası
ərazisinə investisiya cəlbi üçün əlverişli şəraitin yaradılması və
həmin ərazidə istehsal olunan malların rəqabət qabiliyyətinin
qorunması məqsədilə hazırlanıb.
Belə ki, qanun layihəsi Azad zona ərazisində istehsal
olunmuş seçilmiş malların əsas iqtisadiyyata gətirilməsi zamanı
aşağıdakı şərtlər əsasında gömrük rüsumundan azad edilməsini
nəzərdə tutur:
- güzəşt tətbiq ediləcək malların siyahısı Nazirlər Kabineti
tərəfindən müəyyən ediləcək; - güzəşt Ələt Azad İqtisadi Zonası ərazisində Azad zona hüquqi
şəxsi tərəfindən tamamilə istehsal edilmiş və ya kifayət qədər emal
olunmuş Azərbaycan mənşəli mallara şamil ediləcək; - güzəşt malı istehsal edən və ya emal edən Azad zona hüquqi
şəxsinin təsis olunduğu tarixdən etibarən 15 il
müddətində tətbiq ediləcək; - güzəşt istehsal olunan məhsulun həcminin ən azı 50
faizinin Azərbaycan ərazisindən kənara ixrac edilməsi
şərti ilə veriləcək.
Yuxarıda göstərilən şərtlər nəzərə alınmaqla Azad zona
ərazisində istehsal olunacaq müvafiq malların əsas iqtisadiyyata
gətirilməsi qaydaları və bununla bağlı digər məsələlər müvafiq
qaydada təsdiq ediləcək qaydalarla tənzimlənəcək.
Qanun layihəsi Azad zona ərazisinə investisiya cəlbi üçün
əlverişli şəraitin yaradılmasına, həmçinin həmin ərazidə istehsal
olunan malların Azərbaycanın daxili bazarında ölkəmizin sərbəst
ticarət sazişi bağladığı ölkələrdən idxal olunan analoji mallarla
rəqabət qabiliyyətinin qorunması imkanlarının genişləndirilməsinə
xidmət edəcək.
Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il yanvarın
1-dən qüvvəyə minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.

