
Paris. Trend:
Visa qlobal ödəniş şəbəkəsinin təhlükəsizlik arxitekturasını
modernləşdirərək onu süni intellekt dövrünə uyğunlaşdırır. Bu
dövrdə maliyyə əməliyyatlarının getdikcə daha böyük hissəsi süni
intellekt agentləri tərəfindən həyata keçiriləcək.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Visa
Ödəniş Forumunda keçirilən məlumat sessiyasında Visa-nın
texnologiyalar üzrə prezidenti Racat Taneca bildirib.
Taneçanın sözlərinə görə, süni intellekt artıq yaxın illərdə
istifadəçilər adından məhsul axtarmaq, qiymətləri müqayisə etmək,
danışıqlar aparmaq, alış-veriş etmək və bir çox digər əməliyyatları
müstəqil şəkildə həyata keçirə biləcək.
«Ticarət insanın qərar qəbul etdiyi modeldən süni intellektin
qərar verdiyi modelə keçir. Buna görə də əsas sual artıq ödənişin
necə qorunması deyil, süni intellektin həqiqətən istifadəçi adından
hərəkət etdiyini, lazımi səlahiyyətlərə malik olduğunu və
əməliyyatları onun maraqları naminə həyata keçirdiyini necə
təsdiqləməkdir», – deyə o bildirib.
O qeyd edib ki, süni intellektin yayılması ilə kibertəhdidlərin
xarakteri də dəyişir.
«Əvvəllər dələduzluq insanlar tərəfindən həyata keçirilirdisə,
indi süni intellektin formalaşdırdığı və inkişaf etdirdiyi
təhdidlər dünyasına keçirik. Bu isə o deməkdir ki, etibar artıq
yalnız tranzaksiya anında yoxlama ilə məhdudlaşa bilməz. Qarşılıqlı
əlaqənin bütün mərhələlərində fasiləsiz təmin edilməlidir», – deyə
Taneça vurğulayıb.
Onun sözlərinə görə, müasir süni intellekt sistemləri
zəiflikləri müstəqil şəkildə aşkar etmək, məlumatları təhlil etmək,
mürəkkəb fəaliyyət zəncirləri qurmaq və insan müdaxiləsi olmadan
hücumlar həyata keçirmək qabiliyyətinə malikdir.
«Əgər hücumlar avtonomlaşırsa, müdafiə də avtonom olmalıdır —
daha sürətli reaksiya verməli, baş verənləri daha dərindən təhlil
etməli və yeni təhdidlərə daim uyğunlaşmalıdır», – deyə o qeyd
edib.
Bununla əlaqədar olaraq Visa ayrı-ayrı təhlükəsizlik alətlərini
deyil, şirkətin bütün texnoloji platformasını modernləşdirir.
«Biz statik müdafiə modellərindən kimin, hansı səlahiyyətlər
əsasında, hansı məqsədlə və hansı kontekstdə hərəkət etdiyini,
həmçinin bu davranışın zamanla necə dəyişdiyini təhlil edən dinamik
və kontekstual modellərə keçirik», – deyə Taneça bildirib.
Bundan əlavə, Visa telemetriya məlumatlarının və rəqəmsal
siqnalların fasiləsiz təhlilinə əsaslanan arxitektura inkişaf
etdirir. Bu yanaşma potensial təhdidləri əvvəlcədən
proqnozlaşdırmağa, onlara avtomatik reaksiya verməyə və müdafiə
mexanizmlərini daim təkmilləşdirməyə imkan yaradır.
«Biz bütün ödəniş infrastrukturunun müdafiəsini başdan sona elə
qururuq ki, o, süni intellekt dövrünün gətirəcəyi yeni təhdid
modellərinə hazır olsun», – deyə Taneça vurğulayıb.

