Onlayn pərakəndə ticarət hər il 260 milyard avro itirir – Visa

Baş səhifə

Paris. Trend:

Onlayn pərakəndə ticarət sektoru tamamlanmamış alışlar
səbəbindən hər il 260 milyard avroya qədər vəsait itirir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Visa
Payment Forum çərçivəsində keçirilən Media Günündə Visa-nın
platforma və məhsulların idarə olunması üzrə baş vitse-prezidenti
Mehret Habteab bildirib.

Onun sözlərinə görə, hazırda onlayn alışların həcmi trilyonlarla
ölçülür, ödəniş alətlərinin və dələduzluqdan qorunma sistemlərinin
sayı isə artmaqda davam edir. Buna baxmayaraq, əməliyyatların
əhəmiyyətli hissəsi ödəniş mərhələsində yarımçıq qalır.

«Bütün bu inkişaflara baxmayaraq, hər üç onlayn alışdan ikisi
tamamlanmır. Bu isə o deməkdir ki, istehlakçılar alış prosesinə
başlayır, lakin onu başa çatdırmırlar», – deyə Habteab qeyd
edib.

O vurğulayıb ki, tamamlanmamış əməliyyatlar səbəbindən sənayenin
itkiləri ildə təxminən 260 milyard avro qiymətləndirilir.

Visa nümayəndəsinin sözlərinə görə, generativ süni intellekt,
ağıllı cihazlar və avtomatlaşdırılmış alış ssenarilərini əhatə edən
yeni rəqəmsal ticarət dalğası şəraitində əsas vəzifə ödənişlərə
etimadın təmin edilməsidir.

«Ticarətin növbəti inkişaf mərhələsinin genişlənməsi üçün
insanlar arxa planda həyata keçirilən ödənişlərə etibar
etməlidirlər», – deyə o bildirib.

Habteab qeyd edib ki, ödəniş ssenariləri getdikcə ənənəvi onlayn
mağazaların hüdudlarını aşaraq sosial şəbəkələrə, rəqəmsal
cüzdanlara, qoşulmuş cihazlara və agent kommersiyası sistemlərinə
keçir.

Onun sözlərinə görə, sosial şəbəkələrdə istifadəçilər tətbiqdən
çıxmadan alış etmək istəyirlər. Rəqəmsal cüzdanlar isə artıq
maliyyə xidmətləri, loyallıq proqramları və axtarış funksiyalarını
birləşdirən tamhüquqlu platformalara çevrilib.

O, həmçinin geyilə bilən qadcetlərdən avtomobillərə və
televizorlara qədər müxtəlif qoşulmuş cihazların getdikcə müstəqil
ödəniş vasitələrinə çevrildiyini vurğulayıb.

Habteabın sözlərinə görə, şirkət süni intellekt agentlərinin
istifadəçi adından məhsul və xidmətlərin axtarışını,
bronlaşdırılmasını və ödənişini həyata keçirdiyi agent
kommersiyasının inkişafına xüsusi diqqət ayırır.




Bununla yanaşı, o qeyd edib ki, ticarət kanallarının sayının
artması istifadəçilərin rəqəmsal identikliyinin parçalanmasına
gətirib çıxarır. Bu isə risklərin qiymətləndirilməsini
çətinləşdirir və təhlükəsizlik sistemlərinə əlavə yük yaradır.

«İstifadəçilər çoxsaylı kanallar və hesablar vasitəsilə
alış-veriş edir, bəzən eyni satıcıda bir neçə profil yaradırlar.
Bu, identikliyin parçalanmasına səbəb olur və qanuni fəaliyyətin
yoxlanılmasını mürəkkəbləşdirir», – deyə o bildirib.

Onun sözlərinə görə, əlavə risk amillərindən biri də süni
intellektdən istifadə edən dələduzluq hallarının sürətlə
artmasıdır. Bu cür halların sayı hər il dəfələrlə artır.

Bu çağırışlara cavab olaraq Visa «quraşdırılmış etimad»
(embedded trust) strategiyasını inkişaf etdirir. Strategiya ödəniş
prosesində əlavə maneələri minimuma endirməklə yanaşı,
təhlükəsizlik səviyyəsinin yüksəldilməsini nəzərdə tutur.

Bu strategiyanın əsas elementləri əməliyyatlarda məlumat
keyfiyyətinin artırılması, maneəsiz biometrik autentifikasiya və
tokenizasiyanın daha geniş tətbiqidir.

Habteabın sözlərinə görə, təkmilləşdirilmiş məlumatlar emitent
banklara ödənişlərin təsdiqi zamanı daha dəqiq qərarlar qəbul
etməyə imkan verir. Bu isə dələduzluq səviyyəsini artırmadan rədd
edilən əməliyyatların sayını azaldır. Avropada həyata keçirilən
bəzi təşəbbüslər nəticəsində əvvəllər problemli hesab olunan
milyardlarla əməliyyat uğurla həyata keçirilməyə başlayıb.

O əlavə edib ki, biometrik autentifikasiya istifadəçinin alış
prosesindən çıxmadan şəxsiyyətini birbaşa cihaz üzərindən
təsdiqləməsinə imkan yaradır. Visa Payment Passkey həlli artıq
Avropanın 19 ölkəsində və CEMEA regionunun 10 ölkəsində istifadə
olunur.

Şirkətin strategiyasında xüsusi yer tutan texnologiyalardan biri
də kart məlumatlarının qorunan rəqəmsal identifikatorlarla əvəz
edilməsini təmin edən tokenizasiyadır.

«Hazırda şəbəkəmizdə onlayn əməliyyatların 60-70 faizi
tokenlərdən istifadə edilməklə həyata keçirilir və biz bu
göstəricini 100 faizə çatdırmaq potensialı görürük», – deyə Habteab
bildirib.

Onun sözlərinə görə, tokenizasiya həm daha yüksək təhlükəsizlik
səviyyəsi yaradır, həm də əməliyyatların effektivliyini artırır —
uğurlu əməliyyatların sayını təxminən 5 faiz yüksəldir və
dələduzluq hallarını 35 faiz azaldır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir