Visa: Banklar infrastrukturun modernləşdirilməsini sürətləndirməlidirlər

Baş səhifə

Paris.Trend:

Banklar infrastrukturun modernləşdirilməsini
sürətləndirməlidirlər.

Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu Parisdə keçirilən “Visa” Ödəniş Forumu
çərçivəsində təşkil olunan məlumat sessiyasında “Visa”nın CEMEA
regionu üzrə əlavə dəyər xidmətləri istiqamətinin rəhbəri, baş
vitse-prezidenti Valter Lironi deyib.

Onun sözlərinə görə, maliyyə sektoru eyni vaxtda bir neçə
fundamental dəyişikliklə üzləşir. Bunlara istehlakçı
gözləntilərinin dəyişməsi, texnoloji transformasiya və yeni risk
növlərinin artması daxildir.

“”Z nəsli” ticarətin sosial şəbəkələr də daxil olmaqla, olduğu
hər yerdə əlçatan olmasını gözləyir. Onlar hər əməliyyatın bir
kliklə, maksimum rahat şəkildə həyata keçirilməsini istəyirlər.
Əlbəttə ki, bu proseslərin təhlükəsiz olmasını da gözləyirlər”, –
deyə o bildirib.

V. Lironi qeyd edib ki, ödəniş ekosistemlərinin mürəkkəbləşməsi,
ödəniş kanalları və üsullarının sayının artması bu gözləntilərin
qarşılanmasını daha da çətinləşdirir.

O bildirib ki, risklər artıq yalnız ənənəvi tranzaksiya riskləri
ilə məhdudlaşmır, kibercinayətkarlıq və daha mürəkkəb dələduzluq
sxemlərini də əhatə edir.

“Əvvəllər risk yalnız tranzaksiya zamanı yaranırdı. Bu gün isə
o, kibercinayətkarlıq da daxil olmaqla daha geniş sahələri əhatə
edir”, – deyə V.Lironi vurğulayıb.

Onun sözlərinə görə, maliyyə institutları infrastrukturun
modernləşdirilməsini təxirə sala bilməz.

“Əgər siz bu gün maliyyə institutusunuzsa, modernləşməni gözləyə
bilməzsiniz. Əks halda yaxın gələcəkdə bazardan kənarda qalmaq
riski ilə üzləşəcəksiniz”, – deyə o bildirib.

V.Lironi qeyd edib ki, monolit arxitekturaya və paket (batch)
məlumat emalına əsaslanan köhnə bank sistemləri müasir sürət,
təhlükəsizlik və fərdiləşdirilmiş xidmət tələblərinə cavab
vermir.




O bildirib ki, modernləşmə risklərin və dələduzluğun idarə
edilməsini daha səmərəli edir. Belə ki, intellektual mexanizmlər
sonradan əlavə olunmur, birbaşa tranzaksiya səviyyəsinə inteqrasiya
edilir.

Bundan əlavə, müasir platformalar sistemlərin dayanıqlığını və
miqyaslana bilməsini artırır. Köhnə arxitekturaya malik banklarda
isə nasazlıqlar daha çox baş verir və onların aradan qaldırılması
daha uzun çəkir.

“Biz görürük ki, köhnə sistemlərlə işləyən banklar beş dəfəyədək
daha çox nasazlıqla üzləşir və onların bərpası xeyli uzun vaxt
aparır”, – deyə o bildirib.

Onun sözlərinə görə, müasir rəqəmsal platformalar şirkətlərə
innovasiyaları üç dəfə daha sürətli tətbiq etməyə və yeni gəlir
mənbələrinə, o cümlədən 2030-cu ilədək həcmi 7 trilyon ABŞ
dollarını ötəcəyi proqnozlaşdırılan daxili maliyyə (embedded
finance) bazarına daha tez çıxmağa imkan verir.

V.Lironi çıxışı zamanı “Visa”nın bank infrastrukturunun
modernləşdirilməsinə yanaşmasını da təqdim edib. O bildirib ki, bu
yanaşma üç əsas istiqaməti əhatə edir: infrastrukturun
transformasiyası, intellektual istifadəçi xidmətlərinin yaradılması
və təhlükəsizlik sistemlərinin gücləndirilməsi.

Onun sözlərinə görə, bir çox banklar hələ də yeni tələblərə
uyğunlaşdırılması çətin olan monolit sistemlərdən istifadə
edir.

Həll yolu kimi Visa hazırda 20-dən çox ölkədə fəaliyyət göstərən
və 200 milyondan artıq hesabı əhatə edən “API-first” prinsipi
əsasında qurulmuş “Pismo” əsas bank platformasını inkişaf
etdirir.

“”Pismo” banklara infrastrukturunu ayrı-ayrı istifadə
ssenarilərindən başlayaraq mərhələli və təhlükəsiz şəkildə
modernləşdirməyə, daha sonra isə bu həlləri genişləndirməyə imkan
verir”, – deyə V.Lironi bildirib.

O əlavə edib ki, “Visa” orta və iri ticarət müəssisələrinin
vahid inteqrasiya vasitəsilə 190 ölkəyə, 150-dən çox ekvayerə və
50-dən artıq valyutaya çıxış əldə etməsinə imkan verən ödəniş
qəbulu platformasını da inkişaf etdirir.

V.Lironi sonda bildirib ki, “Visa” emitentlər və ekvayerlər üçün
həllər də daxil olmaqla, modernləşdirmə alətlərinə
investisiyalarını davam etdirəcək və bununla ödəniş sənayesinin
rəqəmsal transformasiyasını sürətləndirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir