Sahibkarlığa yanaşma dəyişməlidir – Siyavuş Novruzov

Baş səhifə

Bakı. Trend:

Sahibkarlıq fəaliyyətində inzibati yanaşmanın dəyişdirilməsinə
ehtiyac var, eyni zamanda qanunsuz fəaliyyətlərə qarşı
qanunvericilik daha sərt olmalıdır.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Milli Məclisin Regional
məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü
iclasında çıxışı zamanı deyib.

O bildirib ki, sahibkar fəaliyyətə başlamazdan əvvəl geniş
araşdırmalar aparmalı, layihəsini hazırlamalı, mümkün riskləri
qiymətləndirməli və yalnız bundan sonra investisiya qoymalıdır.
Onun sözlərinə görə, Azərbaycanda bəzi sahibkarlar yatırdıqları
vəsaiti qısa müddətdə geri qaytarmağa çalışırlar ki, bu da düzgün
yanaşma deyil.

S.Novruzov qeyd edib ki, dünya təcrübəsində sahibkarlıq
fəaliyyətində yüksək gəlirlilik diqqətlə araşdırılır və normal
biznesdə gəlirlilik səviyyəsi adətən 10-15 faizdən artıq olmur.

Komitə sədri sənədləşmə işinin daha ciddi aparılmasının
vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, tikinti sektorunda
sənədləşmənin düzgün aparılmaması nəticəsində çoxsaylı vətəndaşlar
zərər çəkib, mənzil almaq üçün ödəniş etsələr də, binalar
tamamlanmayıb və vəsaitlərini itiriblər.




S.Novruzov bildirib ki, elə hüquqi mexanizm yaradılmalıdır ki,
bu cür hallarda vətəndaşların hüquqları etibarlı şəkildə
qorunsun.

Deputat qeyri-qanuni sahibkarlıq sahəsində daha bir problemin
vətəndaşların şəxsiyyət vəsiqələrindən istifadə edilməklə onların
adına şirkətlər yaradılması olduğunu deyib. Onun sözlərinə görə,
belə hallarda insanlar özləri xəbərsiz olduqları halda iri məbləğdə
vergi borcları ilə üzləşir, hətta ölkədən çıxışlarına məhdudiyyət
qoyulur.

S.Novruzov qanun layihəsində internet resurslarından istifadə
etməklə qeyri-qanuni gəlirlərin əldə olunmasına dair müddəaların da
yer aldığını xatırladaraq, bu halların qarşısının qətiyyətlə
alınmasının vacibliyini bildirib.

O əlavə edib ki, dövlət üçün əsas məsələ vətəndaşın hüquqlarının
qorunmasıdır. Deputat son dövrlər pensiyaçıların və digər şəxslərin
bank kartlarından vəsaitlərin oğurlanması hallarının artdığını qeyd
edərək, bu cür cinayətlərin açılmasının hüquq-mühafizə orqanları
üçün də çətin olduğunu vurğulayıb.

S.Novruzov hesab edir ki, bir tərəfdən sahibkarlıq fəaliyyəti
üçün prosedurlar sadələşdirilməli, digər tərəfdən isə qanunsuz
sahibkarlıq, maliyyə fırıldaqları və vətəndaşların hüquqlarını
pozan digər əməllərə görə məsuliyyət daha da
sərtləşdirilməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir