
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əhəmiyyətindən danışıb.
Mətbuat.az xəbər verir ki, jurnalistlərə açıqlamasında Baş katib bildirib ki, Şuşada təşkil olunan bu toplantı tarixi xarakter daşıyır.
“Bu, dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşüdür. Şuşada keçirilən bu tarixi toplantı hamımız üçün olduqca əhəmiyyətli və səmərəli oldu. Burada qəbul olunan qərarlar xüsusilə gənclərlə iş, ali təhsil müəssisələri və dövlətlərin bu sahədə həyata keçirdiyi fəaliyyət üçün çox faydalı olacaq”, – deyə Kubanıçbek Ömürəliyev qeyd edib.
O vurğulayıb ki, indiyədək TDT çərçivəsində müftilərin görüşləri keçirilsə də, dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin ilk toplantısı məhz Şuşada təşkil olunub.
Baş katibin sözlərinə görə, bu formatda əməkdaşlıq üzv ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə, dini maarifləndirmə sahəsində birgə fəaliyyətin gücləndirilməsinə və dövlət qurumları arasında koordinasiyanın artırılmasına mühüm töhfə verəcək.

