
Bakı. Trend:
İran tərəfindən İran və ABŞ arasında yekun razılaşmanın əldə
olunması məqsədilə müzakirələrin başlanmasının vaxtı və formatı
haqda qərar veriləcək.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai
bu gün (30 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Gələn günlərdə İran və ABŞ arasında İslamabad anlaşma
memorandumu çərçivəsində yekun razılaşmanın əldə olunmasının
formatı və zamanı haqda qərar veriləcək”, -deyə o bildirib.
Bəqai deyib ki, hər hansı keçirilən iclasın məqsədi olmalıdır və
keçirilməsi üçün zərurət yaranmalıdır. İran və ABŞ arasında yekun
razılaşma ilə əlaqədar müzakirələrin başlanması üçün iki ölkə
arasında imzalanan İslamabad anlaşma memorandumunun 1, 4, 5, 10 və
11-ci müddəalarının icrasına başlanmalı və bu icra davam
etməlidir.
Nazirlik rəsmisi əlavə edib ki, ümumiyyətlə gələn bir neçə gün
ərzində İranın ABŞ tərəfi ilə heç bir səviyyədə görüşün baş tutması
üçün heç bir proqramı olmayıb ki, ondan imtina etsin.
Bəqai qeyd edib ki, ehtimal üzrə sabah Dohada Qətər tərəfi ilə
anlaşma memorandumunun müddəalarının icrası, o cümlədən İranın
dondurulmuş aktivlərinin sərbəst buraxılması ilə əlaqədar
danışıqlar aparılacaq.
“İran və ABŞ arasında anlaşma memorandumunda tərəflərin
öhdəlikləri tamamilə şəffaf və aydındır. Memorandumun birinci
müddəasında müharibənin bütün istiqamətlərdə, o cümlədən Livanda
dayandırılması qeyd olunub. ABŞ də anlaşma memorandumunun qarşı
tərəfi olaraq öz öhdəliklərini yerinə yetirməli və İsrailin Livana
hərbi hücumlarının dayandırılması üçün lazım olan hər bir addımı
atmalıdır”, – deyə o bildirib.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

