
Bakı. Trend:
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar spirtli içkilər,
bal, kürü və “kənd toyuğu”dur.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar
Təhməzli Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Xəzər TV”
televiziya kanalına birgə müsahibəsində deyib.
Qoşqar Təhməzlinin sözlərinə görə, 4
tona yaxın saxta bal aşkarlanıb:
“Dünyada ən çox saxtalaşdırılan məhsullar alkoqollu içkilərdir.
Azərbaycanda da alkoqollu içkilərin saxtalaşdırılması hallarına çox
rast gəlinir. Eyni zamanda, qida məhsullarının saxtalaşdırılması
halları da kifayət qədər çoxdur. Hazırda xüsusilə qara kürünün
saxtalaşdırılması ilə bağlı hallara tez-tez rast gəlirik. Bu sahədə
əsasən iki növ saxtalaşdırma müşahidə olunur. Birinci halda
müxtəlif mənşəli qara kürü Azərbaycan nərə balığına məxsus kürü
kimi qablaşdırılır və istehlakçı aldadılır. Yəni mənşəyi başqa ölkə
olan məhsul Azərbaycan nərə balığının kürüsü kimi təqdim edilir.
İkinci istiqamət isə süni kürü ilə bağlıdır. Burada xüsusi olaraq
qeyd etmək istəyirəm ki, süni kürünün istehsalı və ya ölkəyə idxalı
qadağan deyil. Bu, qanunvericiliyə uyğun qida məhsuludur. Sadəcə,
məhsul öz adı ilə – yəni “süni kürü” kimi satışa çıxarılmalıdır.
Problem ondan ibarətdir ki, bəzi hallarda, xüsusilə restoran və
şadlıq saraylarında istehlakçılar aldadılaraq həmin məhsul təbii
qara kürü adı altında təqdim edilir. Bu halın insan sağlamlığı
baxımından təhlükəsi olmasa da, istehlakçı hüquqlarının pozulması
baxımından ciddi qanun pozuntusudur və Agentlik tərəfindən belə
hallara qarşı müvafiq tədbirlər görülür”.
AQTA sədrinin sözlərinə görə,163 qida obyektində, o cümlədən
ticarət və ictimai iaşə müəssisələrində saxta spirtli içkilər
aşkarlanıb. Həmin məhsullar ekspertizadan keçirilib, göstəriciləri
müəyyən edilib, dövriyyədən çıxarılaraq məhv olunub:
“Bal məhsulları ilə bağlı da qeyd etdiyim kimi, Agentlik
tərəfindən təxminən 4 tona yaxın saxta bal aşkarlanıb və 2 tona
yaxını məhv edilib. Qara kürü ilə bağlı isə qeyd etdiyim iki
istiqamət üzrə ümumilikdə 10 ərzaq bazarında, 8 ticarət obyektində,
14 idxal anbarında və 61 ictimai iaşə müəssisəsində yoxlamalar
aparılıb. Nəticədə bəzi obyektlərdə başqa mənşəli kürünün
Azərbaycan nərə balığının kürüsü adı altında satıldığı müəyyən
edilib və tərəfimizdən həmin halların qarşısı alınıb.
Saxtalaşdırma hallarından biri də kənd toyuğu adı altında
müxtəlif toyuqların rənginin dəyişdirilərək satışa çıxarılmasıdır.
Bəzi hallarda qida sənayesində istifadəsi qadağan olunmuş toksik
rəngləyicilərdən istifadə edilməklə toyuqların dərisi daha tünd
sarı rəngə boyanır və məhsul kənd toyuğu kimi istehlakçılara təqdim
olunur. Bu cür halların da qarşısının alınması istiqamətində
Agentlik tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir”.

