
Bakı. Trend:
Cenevrədə keçirilən BMT-nin Avropa İqtisadi Komissiyasının
(UNECE) İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə
Komitəsinin (CICPPP) 19-cu sessiyası çərçivəsində Azərbaycan
2026–2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil
olunmaq hüququ qazanıb. Belə ki, İqtisadiyyat Nazirliyinin
nümayəndəsi Türkan Vüsət Komitə Bürosunun sədr müavini vəzifəsinə
seçilib.
Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq
ölkəmizin dövlət-özəl tərəfdaşlığı sahəsində beynəlxalq
standartların hazırlanması prosesində iştirakına imkan yaradır.
Eyni zamanda, ölkəmizin beynəlxalq ekspert şəbəkələri ilə
əməkdaşlığının genişlənməsinə, qabaqcıl metodologiyalar və uğurlu
təcrübələrin ölkəmizdə tətbiqinə, eləcə də dövlət-özəl tərəfdaşlığı
üzrə milli institusional və hüquqi çərçivənin beynəlxalq
standartlara uyğun təkmilləşdirilməsinə töhfə verəcək. Eləcə də,
Azərbaycanın dövlət-özəl tərəfdaşlığı sahəsindəki fəaliyyətinin
beynəlxalq platformada təbliği üçün imkan yaranır ki, bu da xarici
investorlar və inkişaf tərəfdaşları ilə yeni layihələrin
reallaşdırılmasını stimullaşdırır.
Qeyd edək ki, BMT-nin Avropa İqtisadi Komissiyası iqtisadi
əməkdaşlıq, ticarət, nəqliyyat, enerji, ətraf mühit, innovasiya və
dövlət-özəl tərəfdaşlığı kimi sahələrdə beynəlxalq standartların,
tövsiyələrin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu
regional təşkilatlardan biridir.
İnnovasiya, Rəqabətlilik və Dövlət-Özəl Tərəfdaşlığı üzrə Komitə
UNECE-nin İqtisadi Əməkdaşlıq və İnteqrasiya alt proqramı
çərçivəsində fəaliyyət göstərir və dövlət-özəl tərəfdaşlığı,
innovasiya siyasəti, rəqabətlilik və dayanıqlı iqtisadi inkişaf
istiqamətlərində beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.
Qurum dövlət-özəl tərəfdaşlığı üzrə beynəlxalq standartların, model
qanunların və metodoloji sənədlərin hazırlanmasına rəhbərlik edən
əsas platformalardan hesab olunur.

