
Bakı. Trend:
Bakı-Tbilisi-Ceyhan Şirkəti (BTC Co) bu gün elan edib ki, 1 iyul
2026-cı il tarixindən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru
kəmərinin operatorluğu “BP Exploration (Caspian Sea) Limited” (bp)
şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream
Operations” MMC-yə (SMO) keçir.
Bu barədə bp-nin Mətbuat xidməti məlumat yayıb.
Operatorluğun ötürülməsi BTC boru kəmərinin hər üç – Azərbaycan,
Gürcüstan və Türkiyə – hissəsini əhatə edir. Bundan əlavə, BTC boru
kəməri ilə bağlı bütün fəaliyyətlərin idarə edilməsi, habelə həm
BTC, həm də Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri ilə
əlaqədar hazırda bp tərəfindən icra olunan ümumi fəaliyyətlərin
operatorluğu da SMO şirkətinə keçir.
Operatorluğun ötürülməsi BTC layihəsinin əsasını təşkil edən və
yekun hazırlıq qərarının bir hissəsi kimi qəbul edilmiş müvafiq
sazişlərə əsaslanır.Ötürülmə Səngəçal terminalının ərazisində
yerləşən obyektlər istisna olmaqla, hər üç ölkədəki bütün ayrıca
BTC obyektlərini və fəaliyyətləri, eləcə də BTC/CQBK-yə aid ümumi
fəaliyyətləri əhatə edir.
Səngəçal terminalının operatorluğu dəyişməz qalır – bp bu
obyektin operatorluğunu icra etməkdə davam edəcək. BTC Co.
şirkətinin səhmdarlıq strukturu da dəyişməz qalır.
“Bu gün elan etdiyimiz mərhələ BTC layihəsi üçün əlamətdar bir
hadisədir. Çox qürurluyuq ki, BTC-nin operatoru kimi onun uzun
illərdir davam edən təhlükəsiz, etibarlı və yüksək səmərəli
fəaliyyətinin icraçısı olmuşuq – istər üç ildən artıq bir müddətdə
– boru kəmərinin üç tranzit ölkə ərazisində görünməmiş bir miqyasda
və texniki baxımdan son dərəcə mürəkkəb tikinti prosesinə rəhbərlik
etməyimiz olsun, istərsə də ondan sonrakı iyirmi ildən artıq bir
müddətdə kəmərin səmərəli və təhlükəsiz istismarını təmin etməyimiz
olsun. Bütün bu müddət ərzində BTC dünya bazarlarına etibarlı neft
ixracı yolu kimi enerji təhlükəsizliyini gücləndirib. Əminik ki,
SOCAR da BTC əməliyyatlarının təhlükəsiz, etibarlı və mükəmməl
icrasını davam etdirərək eyni dərəcədə yüksək standartları qoruyub
saxlayacaq. Biz də BTC və CQBK layihələrinin səhmdarı kimi SOCAR və
digər tərəfdaşlarımızla sıx və uzunmüddətli tərəfdaşlığımızı davam
etdirəcəyik. Həmçinin, BTC sisteminin bp tərəfindən idarə olunduğu
müddət ərzində göstərdikləri davamlı dəstək, əməkdaşlıq və etimada
görə BTC Co. İdarə Heyətinə və bütün tərəfdaşlarımıza təşəkkürümüzü
bildiririk, – deyə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə
regional prezidenti Cio Kristofoli qeyd edib.
“Bakı–Tbilisi–Ceyhan boru kəməri Azərbaycanın uzaqgörən enerji
strategiyasının, möhkəm beynəlxalq tərəfdaşlıqların və uzunmüddətli
əməkdaşlıq öhdəliyinə birgə sadiqliyinin davamlı göstəricisidir.
Ötən iyirmi il ərzində BTC Azərbaycanın davamlı inkişafına mühüm
töhfə vermiş, regional əməkdaşlığı gücləndirmiş və qlobal enerji
təhlükəsizliyini artırmışdır. BTC-nin operatorluğunun BTC və Cənubi
Qafqaz Boru Kəməri (CQBK) sistemlərinin ümumi operatorluğu ilə
birgə SOCAR-a ötürülməsi şirkətin dünya səviyyəli enerji
infrastrukturunun idarə edilməsində artan təcrübəsini əks etdirən
mühüm bir mərhələdir. SOCAR bu strateji enerji dəhlizinin
təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətini təmin etmək
öhdəliyinə tam sadiq qalaraq onun regional və qlobal enerji
təhlükəsizliyinə töhfəsini daha da gücləndirəcək”, – deyə SOCAR-ın
prezidenti Rövşən Nəcəf bildirib.
Bundan əvvəl, müvafiq sazişlərə uyğun olaraq, 8 iyun 2026-cı il
tarixindən Qərb İxrac Boru Kəmərinin (QİBK) Azərbaycan və Gürcüstan
ərazilərindəki obyektləri müvafiq olaraq Azərbaycan (SMO) və
Gürcüstan (Gürcüstan Neft və Qaz Korporasiyası – GOGC) hökumətləri
adından çıxış edən qurumlara geri təhvil verilmişdir.
“SOCAR Midstream Gas Operations” MMC (SOCAR MGO) 2015-ci ildən
CQBK-nin kommersiya operatoru, 2021-ci ildən isə texniki
operatorudur və bu müddət ərzində, BTC və CQBK üzrə ümumi
fəaliyyətlərin idarə edilməsi SOCAR və bp arasında möhkəm
əməkdaşlığa söykənib.
bp və SOCAR sıx işləyərək operatorluğun ötürülməsinin əhatə
etdiyi bütün obyektlərin və əlaqədar fəaliyyətlərin təhlükəsiz və
nizamlı şəkildə ötürülməsini və bu müddət ərzində boru kəməri
əməliyyatlarının etibarlı və fasiləsiz davam etməsini təmin
etmişlər.
BTC: Əsas faktlar və rəqəmlər
- Uzunluğu 1768 km olan BTC boru kəməri Xəzər regionundan Aralıq
dənizinə təhlükəsiz və məsuliyyətli şəkildə xam neft ixrac etmək
üçün inşa edilib. - Tikinti mərhələsindən başlayaraq BTC regiona əhəmiyyətli
faydalar gətirib və müsbət dəyişikliklərə yol açıb. - BTC boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri
arasında iqtisadi və siyasi əlaqələrin güclənməsinə dəstək verməklə
tranzit ölkələrə mühüm gəlirlər gətirir. - BTC layihəsi başlandığı vaxtdan boru kəmərinin marşrutu boyunca
550-dən çox icma ilə (750 000-dən çox insan) sıx işləməklə minlərlə
sosial təşəbbüs həyata keçirilib və bu fəaliyyət gələcəkdə də davam
edəcək. - BTC-nin cari ötürücülük gücü gündəlik 1 milyon barel təşkil
edir. - Boru kəmərində 46/42/34” diametrli borulardan istifadə olunub.
Üç tranzit ölkə boyu kəmərin səkkiz nasos stansiyası və 98 siyirtmə
stansiyası var. - Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq
2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ
silsiləsi, 3000 yol, dəmiryolu, yeraltı və yerüstü komunikasiya
xətləri, eni 500 metrədək çatan Ceyhan çayının keçidi də daxil
olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir. - Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb
mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin
tikintisinin tamamlanması üçün dörd il tələb olunmuşdur– layihə
2002-ci ilin iyul ayında təsdiqlənmiş və 2006-cı ilin may ayında
başa çatmışdır. Tikintinin ən qızğın dövründə bu işlərə 22 000
nəfər cəlb olunmuş (bunların demək olar 80%-ni yerli işçilər təşkil
etmişdir), 110 milyondan artıq adam-saat sərf edilmiş və 220 000
boru hissəsi qaynaq edilmişdir. - BTC xam nefti Ceyhan terminalında ilk tankerə 4 iyun 2006-cı il
tarixində yüklənmişdir – təqribən 600 000 barel Azəri-Çıraq-Günəşli
xam neftindən ibarət ilk həcmlər “British Hawthorn” tankerinə
yüklənərək Ceyhan terminalından yola salınmışdır. - İndiyədək BTC boru kəməri vasitəsilə ümumilikdə 4,7 milyard
bareldən çox (təxminən 630 milyon ton) xam neft nəql edilmiş, 6271
tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. - Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və
Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin
digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan,
Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri)
də nəql olunur.
Əlavə məlumat üçün:
bp-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlı, telefon: (+994
12) 525 58 95;
Emin Sevdimalıyev, SOCAR-ın mətbuat katibi, telefon (+994 50)
633 29 80

