
Bakı. Trend:
Azərbaycanda dövlət satınalmalarının ümumi həcmi son beş ildə
1,6 dəfə artaraq 2025-ci ildə 10,8 milyard manata
çatıb.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən Ali Audit
Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət
Satınalmalarının Auditi üzrə İşçi Qrupunun (WGPPA) İllik
Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci ildə 6,6 milyard manat
olan dövlət satınalmalarının həcminin artması iqtisadi fəallığın
genişlənməsinə, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə
və yeni iş yerlərinin yaradılmasına şərait yaradıb.
E.Bağırovun sözlərinə görə, 2025-ci ildə 2 mindən çox
satınalan təşkilat tərəfindən keçirilmiş 19 min satınalmada 9 minə
yaxın təchizatçı iştirak edib. Bu göstərici dövlət
satınalmalarının geniş iştirakçılıq əsasında həyata keçirildiyini,
biznes subyektləri üçün bazara çıxış imkanlarının artdığını və
rəqabət mühitinin inkişaf etdiyini göstərir.
Agentlik sədri qeyd edib ki, rəqabətin güclənməsi elektron
satınalmalarda da özünü göstərir. Belə ki, ötən il elektron
satınalmalarda açılışı baş tutmuş müsabiqələr üzrə orta
iştirakçı sayı 3,6 olub.
O vurğulayıb ki, dövlət satınalmalarının elektronlaşdırılması bu
nəticələrin əldə olunmasında mühüm rol oynayıb. 2025-ci
ildə 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə,
məbləği isə 5,3 dəfə artıb.
E.Bağırov əlavə edib ki, ötən il elektron satınalmalar
nəticəsində dövlət büdcəsinə qənaət edilən vəsaitin ehtimal olunan
qiymətdə xüsusi çəkisi 17,9 faiz təşkil edib. Onun
sözlərinə görə, bu göstərici rəqabətli satınalma mühitinin və
elektron satınalma mexanizmlərinin effektivliyini bir daha
təsdiqləyir.
Agentlik sədri bildirib ki, hazırda dövlət satınalmalarında süni
intellekt texnologiyalarının tətbiqi yeni mərhələyə qədəm qoyub.
Onun sözlərinə görə, süni intellekt alqoritmləri satınalma
sənədlərini avtomatik təhlil edərək potensial risklərin və rəqabəti
məhdudlaşdıra biləcək şərtlərin erkən mərhələdə müəyyən edilməsinə
imkan yaradır.

