Bazar günü I və III qruplar üzrə ikinci cəhd imtahanı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

İyulun 5-də II və III ixtisas qrupları üzrə ali təhsil
müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin rəsmi saytında dərc olunan məlumata
görə, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa,
Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala,
Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran,
Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar iyunun 25-dən etibarən Dövlət İmtahan Mərkəzinin
saytında “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix,
şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan
binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat
10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də
buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;




– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 172 imtahan
binası, 3074 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554
buraxılış rejimi əməkdaşı, 172 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 18908, III ixtisas qrupu üzrə
imtahanda isə 22714 nəfər olmaqla, ümumilikdə 41622 abituriyentin
iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də
şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud
iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim
keçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak
edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları
ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış
keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə
imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin
edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 4-də təkrar baxış
keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar
möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin
əməkdaşlarının mühafizəsinə veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir