
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 1-də BMT
Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə
görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında müxtəlif
istiqamətlərdə uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə
olunub.
BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisinin
mandatı çərçivəsində qlobal yol hərəkəti təhlükəsizliyinin təşviqi
istiqamətində aparılan fəaliyyət yüksək qiymətləndirilib.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması,
yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf
etdirilməsi, rəqəmsal həllərin tətbiqi vasitəsilə nəqliyyat
sisteminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən ardıcıl
islahatlar barədə bəhs olunub.
Görüşdə yol hərəkəti təhlükəsizliyi sahəsində beynəlxalq
təcrübənin öyrənilməsi, bu istiqamətdə əməkdaşlığın
genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunub.

