Bakıda tanınmış jurnalist fırıldaqçıların qurbanı oldu

Baş səhifə

Tanınmış jurnalist Ləman Ələşrəfqızı fırıldaqçıların qurbanı olub. Modern.az-ın məlumatına görə, bu barədə jurnalistin özü bildirib:

“Məni aldatdılar dostlar. Şərəfsizin biri İqbal Ağazadə adı ilə Teleqram kanalından “Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa, atın”, – yazdı, “2-3 saata göndərəcəm”, – dedi. Mən də heç soruşmadan “baş üstə, İqbal bəy”, – dedim. Ardınca 420 manat da bir istədi. Dedim ki, 300 manat var kartımda, onu göndərə bilərəm. Toplam 600 manat göndərəndən sonra bu şərəfsiz bir də Teleqram-dan qısa zəng etdi. İndi də 340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Zəng etdim, açmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun Teleqram hesabı oğurlanıb və bu haqda Facebook-da yazıbmış.

Əlbəttə, çox sadəlövh davrandım. Buna görə məni qınayanlar da olacaq, şübhəsiz. Əvvəla ona görə ki, vaxtaşırı xəbərlərimdə DİN-in kibercinayətkarlıqla bağlı məlumatlarını şəxsən özüm çatdırıram və birdən-birə də özüm qurbana çevrilirəm. İkincisi, İqbal Ağazadənin Ləman Ələşrəfqızıdan pul istəyə biləcəyi ehtimalının da sıfır olacağını bilə-bilə belə yanlışlığa yol verdim. Məni çaşdıran nə ola bilərdi əcəba? Deyim! Əvvəla, bu şərəf qısırı “xəstəxanadayam, kartımda pul yoxdur, 1-2 saata qaytaracam”, – dedi. Düşündüm, İqbal bəy bəlkə ərk edib, yaxın dostumuzdur, ola bilər ki, sabah eyni situasiyada mən də ona zəng edib yardım istəyərəm.

İkincisi, adam kimdirsə, İqbal bəyin yazı tərzini, üslubunu əməllicə mənimsəyib, peşəkar dələduzdur. Nə isə… Allah bəlasını versin! Haramı olsun! Halallığı verilməyən puldan necə xeyir görə bilər? Zatən görməyəcək də.

Məsələni anladığımı bilən kimi adam Teleqram hesabını sildi. 600 manatlıq qəbzlər isə yəqin ki, bir ömür yaddaşımdan silinməz”.

Ləman Ələşrəfqızı daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Elşad Hacıyevə müraciət edib:

“Hörmətli Elşad Hacıyev, lütfən məsələni nəzarətə götürün”. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir