
Bakı. Trend:
Müasir dünyada rəqabət üstünlüyünü müəyyən edən əsas amillərdən
biri rəqəmsal texnologiyaların inkişaf səviyyəsidir. Bu gün
dövlətlərin iqtisadi dayanıqlığı, milli təhlükəsizliyi,
idarəetmənin səmərəliliyi və vətəndaşlara təqdim olunan xidmətlərin
keyfiyyəti rəqəmsallaşma prosesinin dərinliyindən birbaşa
asılıdır.
Azərbaycan da Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf
strategiyasına uyğun olaraq bu istiqamətdə ardıcıl və sistemli
addımlar atır. Son dövrdə qəbul edilən qərarlar, yaradılan yeni
institusional mexanizmlər və təsdiqlənən strateji sənədlər göstərir
ki, ölkə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirməklə regionun
texnoloji liderlərindən birinə çevrilməyi hədəfləyir.
Vahid idarəetmə modeli rəqəmsal inkişafın əsas
təminatıdır
2026-cı ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən müşavirədə qəbul edilən qərarlar rəqəmsal inkişaf
sahəsində yeni mərhələnin başlanğıcı oldu. Həmin qərarların davamı
kimi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf
Şurasının yaradılması dövlət siyasətinin vahid platformada
əlaqələndirilməsi, müxtəlif qurumlar arasında koordinasiyanın
gücləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin
sürətləndirilməsi baxımından mühüm institusional mexanizm
formalaşdırdı.
Bu yanaşmanın davamı olaraq Prezident İlham Əliyevin 27
fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın
sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət
Planı” ölkənin qarşıdakı 3 il ərzində
texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji
hədəfləri özündə birləşdirir. Sənəd yalnız ayrı-ayrı layihələrin
icrasını deyil, bütövlükdə dövlət idarəçiliyinin yeni mərhələyə
keçidini nəzərdə tutur.
Rəqəmsallaşma iqtisadi inkişaf strategiyasının ayrılmaz
hissəsinə çevrilir
Fəaliyyət Planının qarşıya qoyduğu məqsədlər yalnız
texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Burada əsas hədəflərdən
biri dövlət idarəçiliyinin daha çevik və səmərəli model əsasında
qurulmasıdır. Bununla yanaşı, Azərbaycanın beynəlxalq reytinqlərdə
mövqeyinin daha da yüksəldilməsi və rəqəmsal iqtisadiyyatın
ÜDM-də payının artırılması prioritet istiqamətlər
sırasında yer alır.
Sənəd ölkədə artıq qəbul edilmiş strateji sənədlərlə tam
uyğunlaşdırılıb. Belə ki, Fəaliyyət Planı İnformasiya
Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası,
Rəqəmsal İnkişaf Konsepsiyası və Süni
İntellekt Strategiyası çərçivəsində müəyyən edilən
məqsədlərin həyata keçirilməsini təmin edən konkret icra
mexanizmlərini özündə ehtiva edir. Bununla da dövlətin rəqəmsal
inkişaf siyasəti vahid konseptual çərçivədə idarə olunur və
müxtəlif istiqamətlər üzrə paralel deyil, qarşılıqlı əlaqəli
fəaliyyət modeli formalaşdırılır.
Dörd əsas istiqamət üzrə kompleks
transformasiya
Yeni Fəaliyyət Planının strukturu da Azərbaycanın uzunmüddətli
inkişaf prioritetlərini əks etdirir. Burada əsas fəaliyyət sahələri
rəqəmsallaşma, süni intellekt,
innovasiya ekosisteminin inkişafı və
kibertəhlükəsizlik kimi müəyyənləşdirilib. Bu
istiqamətlərin hər biri ölkənin gələcək rəqabət qabiliyyətinin
artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Eyni zamanda sənədin uğurlu icrası üçün zəruri hesab olunan
infrastrukturun inkişafı, tənzimləmə
mexanizmlərinin təkmilləşdirilməsi, insan
kapitalının gücləndirilməsi və idarəetmə modelinin
modernləşdirilməsi də əsas dəstək sütunları kimi müəyyən
edilib. Bu yanaşma onu göstərir ki, rəqəmsal transformasiya yalnız
texniki yenilənmə deyil, dövlət idarəçiliyinin bütün
komponentlərini əhatə edən sistemli dəyişiklik prosesidir.
Dövlət qurumlarında məsuliyyət mexanizmi
gücləndirilir
Rəqəmsal transformasiya yalnız strateji sənədlərin qəbulu ilə
yekunlaşmır. Bu istiqamətdə qəbul edilən qərarların effektiv icrası
məqsədilə ölkə başçısının tapşırığı əsasında dövlət qurumlarında
rəqəmsallaşma təşəbbüslərinə rəhbərlik edəcək rəhbər
müavini səviyyəsində məsul şəxslər müəyyənləşdirilib.
Bu mexanizm hər bir dövlət qurumunun rəqəmsal inkişaf prosesində
konkret məsuliyyət daşımasını təmin etməklə yanaşı, qərarların
operativ icrasına və vahid koordinasiyanın formalaşdırılmasına
xidmət edir.
Rəqəmsal İnkişaf Şurasının ilk iclası yeni mərhələnin
yol xəritəsini müəyyənləşdirdi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının 29
iyun 2026-cı il tarixində keçirilən ilk iclası ölkənin
rəqəmsal inkişaf strategiyasının praktiki icrasına start verən
mühüm hadisələrdən biri oldu. Şuranın sədri, Birinci
vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə baş tutan
iclasda əsas diqqət “Azərbaycan Respublikasında rəqəmsal
inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün
Fəaliyyət Planı”nın icra vəziyyətinə, rəqəmsal inkişaf
sahəsində qanunvericilik islahatlarına və təhsil sisteminin
rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə
yönəldildi.
İclas zamanı vurğulandı ki, Fəaliyyət Planının həyata
keçirilməsi Şuranın əsas fəaliyyət istiqamətini təşkil edir.
Prioritetlər sırasında dövlət idarəçiliyində rəqəmsallaşmanın
genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi,
kibertəhlükəsizlik sisteminin gücləndirilməsi, innovasiya
ekosisteminin inkişaf etdirilməsi, eləcə də investisiyaların və
startapların dəstəklənməsi xüsusi yer tutur. Eyni zamanda
bildirildi ki, süni intellekt sahəsində qəbul edilən bütün qərarlar
Azərbaycanın milli maraqları və uzunmüddətli strateji hədəfləri
nəzərə alınmaqla formalaşdırılmalıdır.
Rəqəmsal dövlət modelinin əsas sütunları
formalaşdırılır
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin təqdim
etdiyi məlumatlar göstərir ki, 2026-2028-ci illər üçün
Fəaliyyət Planı artıq praktiki icra mərhələsinə qədəm
qoyub. Həyata keçirilən tədbirlər bir-birindən ayrı layihələr
deyil, vahid rəqəmsal ekosistemin formalaşdırılmasına xidmət edən
qarşılıqlı əlaqəli təşəbbüslərdir.
Bu çərçivədə dövlət qurumları üzrə Yol Xəritələrinin
hazırlanması, Milli Məlumat Hövzəsinin
yaradılması, dövlət informasiya sistemlərinin
Hökumət Buluduna miqrasiyası, “mygov”
platformasının imkanlarının genişləndirilməsi,
süni intellekt əsaslı həllərin tətbiqi və milli
kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması
istiqamətində ardıcıl işlər həyata keçirilir. Bu layihələrin hər
biri dövlət xidmətlərinin daha çevik, təhlükəsiz və vətəndaşyönümlü
şəkildə təqdim edilməsinə hesablanıb.
Xüsusilə Milli Məlumat Hövzəsinin yaradılması dövlət informasiya
resurslarının inteqrasiyasını sürətləndirərək məlumat mübadiləsinin
keyfiyyətini artıracaq, Hökumət Buluduna keçid isə informasiya
sistemlərinin etibarlılığını və dayanıqlığını gücləndirəcək. Eyni
zamanda “mygov” platformasının funksionallığının genişləndirilməsi
vətəndaşların dövlət xidmətlərinə çıxış imkanlarını daha da
sadələşdirəcək.
Qanunvericilik bazasının yenilənməsi innovasiya mühitini
gücləndirəcək
Rəqəmsal transformasiya yalnız texnoloji yeniliklərlə
məhdudlaşmır. Bu prosesin uğurlu davamı üçün müasir hüquqi
çərçivənin formalaşdırılması da vacib şərtlərdən biridir. Məhz buna
görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf
siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, Rəqəmsal
İnkişaf Şurasının prioritetlərinə uyğun olaraq rəqəmsal inkişaf
istiqamətində genişmiqyaslı qanunvericilik
islahatları hazırlanır.
Hazırlanan hüquqi mexanizmlər innovasiya fəaliyyətinin
genişlənməsinə, rəqəmsal iqtisadiyyatın inkişafına və yeni
texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühitin
formalaşdırılmasına xidmət edir. Bu islahatların hazırlanmasında
qabaqcıl beynəlxalq təcrübədən istifadə olunması
Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını
sürətləndirəcək mühüm amillərdən biri kimi qiymətləndirilə
bilər.
Belə yanaşma həm yerli innovasiya ekosisteminin
gücləndirilməsinə, həm də xarici investisiyalar üçün daha əlverişli
hüquqi mühitin yaradılmasına şərait yaradır. Müasir qanunvericilik
bazası olmadan rəqəmsal iqtisadiyyatın tam potensialını
reallaşdırmaq mümkün deyil və həyata keçirilən islahatlar məhz bu
boşluğu aradan qaldırmağa hesablanıb.
Rəqəmsal gələcəyin əsas təminatı insan
kapitalıdır
Texnologiyaların inkişafı yalnız infrastrukturun yenilənməsi ilə
məhdudlaşmır. Bu sahədə uğurun əsas şərtlərindən biri rəqəmsal
bacarıqlara malik insan resurslarının formalaşdırılmasıdır. Məhz
buna görə təhsil sisteminin rəqəmsal transformasiyası dövlət
siyasətinin mühüm istiqamətlərindən biri kimi
müəyyənləşdirilib.
Elm və təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi məlumatlar
göstərir ki, təhsil sahəsində rəqəmsallaşma prosesi sistemli
şəkildə davam etdirilir. Bu istiqamətdə “Rəqəmsal məktəb”
layihəsinin həyata keçirilməsi, elektron təhsil
xidmətlərinin genişləndirilməsi və tədris
prosesinin rəqəmsal transformasiyası üzrə görülən işlər
gələcəyin insan kapitalının formalaşdırılmasına xidmət edir.
Bununla yanaşı, “Rəqəmsal bacarıqlar” və
“STEAM Azərbaycan” layihələri vasitəsilə
şagirdlərin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının
inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən
olunub. Bu təşəbbüslər yalnız yeni nəsildə rəqəmsal savadlılığın
artırılmasına deyil, eyni zamanda gələcək əmək bazarının
tələblərinə cavab verən peşəkar kadr potensialının
formalaşdırılmasına xidmət edir.
Azərbaycan rəqəmsal inkişafın regional mərkəzinə
çevrilmək hədəfini reallaşdırır
Son dövrdə qəbul edilən qərarlar göstərir ki, Azərbaycan
rəqəmsallaşmanı ayrı-ayrı layihələrin icrası kimi deyil, dövlətin
uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi
qiymətləndirir. 2026-2028-ci illər üçün Fəaliyyət
Planı, Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti, dövlət
idarəçiliyində koordinasiyanın gücləndirilməsi, süni intellekt və
kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər, innovasiya
ekosisteminin inkişafı, hüquqi bazanın müasirləşdirilməsi və təhsil
sisteminin rəqəmsal transformasiyası vahid məqsədə xidmət edir.
Bu məqsəd Azərbaycanın rəqəmsal iqtisadiyyatını daha da
gücləndirmək, dövlət idarəçiliyini müasir texnologiyalar əsasında
yenidən qurmaq, vətəndaşlara təqdim olunan xidmətlərin keyfiyyətini
yüksəltmək, beynəlxalq rəqabət qabiliyyətini artırmaq və ölkəni
regionun aparıcı innovasiya mərkəzlərindən birinə çevirməkdir.
Bütün bunlar onu göstərir ki, ölkədə strateji kurs çərçivəsində
həyata keçirilən islahatlar Azərbaycanın texnoloji inkişafını yeni
mərhələyə çıxarmaqla yanaşı, milli maraqlara söykənən, təhlükəsiz,
dayanıqlı və innovativ dövlət modelinin formalaşdırılmasına da
möhkəm zəmin yaradır.

