
Bakı. Trend:
Hər il Azərbaycan Respublikasında polis işçilərinin peşə bayramı
kimi qeyd olunan 2 iyul əlamətdar gün kimi Azərbaycan polisinin
şərəfli tarixini, dövlətçiliyin qorunmasında, ictimai
təhlükəsizliyin təmin edilməsində və qanunun aliliyinin
möhkəmləndirilməsində daxili işlər orqanlarının rolunu əks
etdirir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı, Parlamentin Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Trend
BİA-ya müsahibə verib.
Əli müəllim, Azərbaycan daxili işlər orqanlarının
yaranmasından 108 il keçir. Polisin peşə bayramı günündə bu barədə
fikirləriniz maraqlı olardı…
Azərbaycan polisi bir əsrdən artıq tarixi inkişaf yolu keçərək
ölkənin hüquq-mühafizə sisteminin əsas sütunlarından birinə
çevrilmişdir. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra
Azərbaycan mürəkkəb siyasi, iqtisadi və hərbi şəraitlə üzləşdi.
Ermənistanın hərbi təcavüzü, daxili sabitliyin pozulması,
cinayətkarlığın artması və siyasi qarşıdurmalar hüquq-mühafizə
orqanlarının üzərinə böyük məsuliyyət qoyurdu. Həmin illərdə polis
əməkdaşları dövlət müstəqilliyinin qorunması, ictimai
təhlükəsizliyin təmin olunması və qanunsuz silahlı dəstələrin
zərərsizləşdirilməsi istiqamətində fəaliyyət göstərmiş, Qarabağ
müharibəsində və ölkənin ərazi bütövlüyünün müdafiəsində iştirak
etmişlər.
Müxtəlif tarixi mərhələlərdə Azərbaycan polisinin
fəaliyyətini necə dəyərləndirədiniz?
Azərbaycan polisinin müasir inkişaf mərhələsi Ümummilli Lider
Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə siyasi hakimiyyətə
qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi
istiqamətində geniş islahatlara başlanıldı. Xalq Cəbhəsi
hakimiyyəti dövründə nizamsız və pərakəndə şəkildə fəaliyyət
göstərən hüquq-mühafizə orqanlarının təkmilləşdirilməsi,
peşəkarlığın artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi
və qanunvericiliyin yenilənməsi dövlət siyasətinin mühüm
istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin 24 may 1998-ci
il tarixli Fərmanı ilə hər il 2 iyul daxili işlər orqanları
əməkdaşlarının peşə bayramı günü elan edildi. Bu qərar Azərbaycan
polisinin tarixi xidmətlərinə verilən yüksək dövlət qiymətidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
dövründə də Ulu Öndər Heydər Əliyevin bu sahədə yeritdiyi siyasi
kurs daha uğurla davam etdirilərək daxili işlər orqanlarının
inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilmişdir.
Yeni tələblərə uyğun kadr siyasəti, polis əməkdaşlarının sosial
müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması və
beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif
dövlət proqramları icra edilmişdir.
Mübaliğəsizdir ki, son 20 ildən artıq müddət ərzində
Azərbaycan polisi böyük nailiyyətlərə imza atıb…
Azərbaycan polisi müstəqillik tarixinin ən çətin sınaqlarında
dövlətə və xalqa sədaqət nümunəsi göstərmişdir. Polis
əməkdaşlarının göstərdikləri igidlik, peşəkarlıq və fədakarlıq
xüsusilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ərazi
bütövlüyünün bərpasında və ölkədə sabitliyin təmin edilməsində
mühüm rol oynamışdır. 2020-ci il sentyabrın 27-də başlayan və 44
gün davam edən Vətən müharibəsində də Azərbaycan polisi və Daxili
Qoşunlar mühüm vəzifələr icra etmişdir. Xüsusi təyinatlı dəstələr
döyüş əməliyyatlarında iştirak etmiş, azad edilən yaşayış
məntəqələrində təhlükəsizliyin təmin olunması, diversiya qruplarına
qarşı mübarizə və hərbi hissələrin fəaliyyətinə dəstək göstərilməsi
istiqamətində uğurlu əməliyyatlar həyata keçirmişlər. Müharibə
zamanı Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olmuş, 346 nəfər
yaralanmışdır. Döyüşlərdə göstərdikləri şücaətə görə 1690 nəfər
müxtəlif dövlət orden və medalları ilə təltif edilmiş, onlardan 4
nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan polisi öz
işini yeni yeallıqların tələblərinə uyğun qurmağa və uğurlu
nəticələr əldə etməyə nail olmuşdur. Burada polis orqanlarının
maddi-texniki bazası gücləndirilmiş, müasir
informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmuş, yeni
inzibati binalar və xidmət obyektləri istifadəyə verilmişdir.
Müasir dövrdə Azərbaycan polisi fəaliyyətini Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğun şəkildə
həyata keçirərək ictimai asayişin qorunması, cinayətkarlığa qarşı
mübarizə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi,
kibercinayətkarlıqla mübarizə və fövqəladə hallarda vətəndaşların
təhlükəsizliyinin qorunması kimi mühüm funksiyaları yerinə yetirir.
Xüsusilə, Azərbaycan dövlətinə qarşı daxili və xarici təhdidlərlə
mübarizədə mühüm missiyanın daşıyıcısı kimi polis orqanları bu
istiqamətdə yorulmaz fəaliyyətlərini bu gün də uğurla davam
etdirməkdədirlər.
Bundan əlavə, asayiş keşikçilərinin hazırlanması üçün Polis
Akademiyasında müasir meyarlara cavab verən yüksək səviyyəli təhsil
prosesinin həyata keçirilməsi ilk növbədə ölkə rəbərliyinin bu
sahəyə diqqətinin nəticəsidir. Burada keçirilən bir sıra
elmi-praktiki konfranslar və digər mühüm tədbirlər mərkəzin
uğurlarını və ictimai əhəmiyyətini səciyyələndirən amildir.
Milli Məclisin komitə sədri kimi qanunvericilik müstəvisində
Parlamentlə hüquq mühafizə orqanları arasında əməkdaşlığı necə
dəyərləndirirsiniz?
İlk olaraq onu söyləyim ki, Milli Məclisdə müxtəlif formatlarda
və səviyyələrdə qanunvericilik aktlarının müzakirəsində Daxili
İşlər Nazirliyinin əməkdaşlarının rəhbərliyində təmsil olunan
şəxslərin, əməkdaşlarının və işçi qrupların fəal iştirakını və
onların yüksək bilik və hazırlıqlarını məmnunluqla qeyd etmək
istəyirəm. Belə qarşılıqlı əlaqələr bu istiqamətdə daha mükəmməl
qanunların işlənib hazırlanmasına mühüm töhfə verir.
Son olaraq vurğulayıram ki, daxili işlər orqanlarının fəaliyyəti
dövlət idarəçiliyinin ayrılmaz hissəsi olmaqla yanaşı, ölkədə
sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət
daşıyır. Bu gün vətədaş-polis münasibətlərinin yüksək ictimai
dəyəri bu fikiri dəstəkləyən amildir. “Polisə hörmət dövlətə
hörmətdir” söyləməklə Azərbaycan polisini dövlətçiliyin
qorunmasında əsas dövlət təsisatlarından biri kimi dəyərləndirən
Prezident İlham Əliyev daxili işlər orqanlarının xidmətini yüksək
qiymətləndirərək məhz bu prizmadan çıxış edir: “Qanunun keşiyində
duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının
yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.

