Yayda mənzil bazarında hansı ərazilər bahalaşacaq?

Baş səhifə

Bakı.Trend:

Yay ayları daşınmaz əmlak bazarı üçün ənənəvi olaraq mövsümi
aktivliyin artdığı dövr hesab olunur. Bu dövrdə həm alqı-satqı, həm
də kirayə bazarında canlanma müşahidə edilir, bazar iştirakçıları
isə qiymətlərin necə dəyişəcəyini və tələbin hansı istiqamətdə
formalaşacağını yaxından izləyirlər.

Bəs yay mövsümü daşınmaz əmlak bazarına necə təsir edir və bu
dövrdə qiymətlər hansı istiqamətdə dəyişir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc
mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, hazırkı
makroiqtisadi şərait daşınmaz əmlak qiymətlərinin azalmasına imkan
vermir.

Onun sözlərinə görə, mövcud makroiqtisadi şərait, manatın
alıcılıq qabiliyyəti, inflyasiya səviyyəsi, urbanizasiya prosesləri
və ən əsası, daşınmaz əmlakın hələ də yüksək investisiya
cəlbediciliyinə malik olması qiymətlərin enməsinə mane olan əsas
amillərdir.

“Bütün bunlar daşınmaz əmlak qiymətlərinin azalmasına ciddi
maneə yaradır. Bu proseslər davam etdiyi müddətdə qiymətlərin aşağı
düşəcəyini gözləmək doğru olmaz. Bununla yanaşı, yay fəslində
daşınmaz əmlak bazarında qiymət artımının tempində müəyyən səngimə
müşahidə edilir. Vətəndaşların istirahətə üz tutması ilə bazardakı
aktivlik nisbətən azalır və bu da alqı-satqı əməliyyatlarının
sayına təsir göstərir. Lakin artıq beş ildən çoxdur ki, daşınmaz
əmlak bazarında qiymətlər təkcə tələb və təklif əsasında deyil,
digər iqtisadi göstəricilərin təsiri ilə də formalaşır”, – deyə o
bildirib.

V.Oruc qeyd edib ki, Əhmədli, Günəşli, Bakıxanov, 8-ci kilometr
və buna bənzər mərkəzdən nisbətən uzaq yerləşən köhnə yaşayış
massivlərində yay aylarında qiymət artımı əvvəlki dövrlərlə
müqayisədə o qədər də aktual olmur.

Ekspertin sözlərinə görə, qiymət azalması ehtimalı daha çox
sənədsiz fərdi yaşayış evlərində müşahidə oluna bilər.




“Hazırda sənədsiz evlərə sənəd verilməsi məsələsi geniş müzakirə
olunur. Eyni zamanda, qanunsuz tikililərin sökülməsi ehtimalı,
kollektorların üzərində inşa edilmiş evlərlə bağlı risklər və digər
amillər bu seqmentə tələbi azaldır. Nəticədə sənədsiz evlər əvvəlki
kimi yüksək qiymətlə təklif edilmir və zaman keçdikcə bu tip
əmlakların qiymətinin aşağı düşməsi ehtimalı böyükdür”, – deyə o
vurğulayıb.

V.Orucun sözlərinə görə, ilin ilk altı ayının nəticələrinə
əsasən, paytaxtın mərkəzi rayonlarında daşınmaz əmlakın qiymətləri
orta hesabla 7-8 faiz artıb.

“İlin əvvəlində proqnozlaşdırmışdıq ki, köhnə tikililərdə
mənzillərin qiyməti təxminən 6-6,5 faiz, yeni tikililərdə 10-12
faiz, torpaq sahələrində isə 15-20 faiz artacaq. Mövcud dinamika
göstərir ki, bu proqnozlar özünü doğruldur”, – deyə o bildirib.

Ekspert hesab edir ki, Abşeron yarımadasının Bakıya nisbətən
uzaq hissələrində – Müşviqabad, Pirəkəşkül, Yeni Yaşma və Qaradağ
istiqamətlərində yerləşən daşınmaz əmlakın qiymət artımı tempi
əhəmiyyətli dərəcədə yavaşlayacaq.

Bununla yanaşı, Ağ Şəhər, Babək prospekti, Mərdəkan, Novxanı və
Şüvəlan kimi ərazilərdə qiymət artımının davam edəcəyi
gözlənilir.

“Bakıya yeni giriş yolunun açılması Binəqədi, Mehdiabad və
Baksol istiqamətlərində də daşınmaz əmlaka marağı artıracaq. Bu
səbəbdən həmin ərazilərdə də qiymət artımı olacağını ehtimal
edirəm”, – deyə V.Oruc əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir