“Brüssel Cənubi Qafqazla bağlı Bakı ilə hesablaşacaq” –

Baş səhifə

“Yaxın perspektivdə Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da güclənəcək və Brüssel regionla bağlı qərarlar qəbul edərkən rəsmi Bakı ilə hesablaşmağa məcbur olacaq”.

Bu fikirləri Metbuat.az-a müsahibəsində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Bakıya səfərini şərh edən Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslı deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı maraqlar əsasında yeni inkişaf mərhələsinə qədəm qoyub. C.Abbaslı hesab edir ki, enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi əməkdaşlıq tərəflər arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.

Fotoda: Ağ Partiya sözçüsü Cavanşir Abbaslı

Müsahibəni təqdim edirik:

Cavanşir bəy, son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini müşahidə edirik. Bu prosesi necə qiymətləndirirsiniz?

Son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq həm Azərbaycan, həm də Avropa İttifaqı üçün qarşılıqlı maraqlara əsaslanır və hər iki tərəfə mühüm dividendlər vəd edir.

Əvvəlki illərdə Avropa İttifaqının Azərbaycana münasibətdə qərəzli mövqe sərgilədiyi hallar da az olmayıb. Xüsusilə bəzi qurumların, o cümlədən Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar bunu açıq şəkildə göstərirdi. Lakin 2020-ci il Vətən müharibəsindən sonra geosiyasi reallıqlar dəyişdi və əksər nüfuzlu beynəlxalq institutlar kimi Avropa İttifaqı da Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olduğunu qəbul etməyə başladı.

Bunun ən bariz göstəricilərindən biri Avropa İttifaqı rəhbərinin Cənubi Qafqaza səfəri zamanı ilk olaraq Bakıya, daha sonra isə İrəvana gəlməsi oldu. Bu ardıcıllıq təsadüfi deyil. Bununla Avropa İttifaqı faktiki olaraq Azərbaycanın regionun əsas tərəfdaşı və aparıcı aktoru olduğunu nümayiş etdirdi.

Azərbaycanın qaz ixracının təxminən 65 faizi Avropa bazarına yönəlir. Digər tərəfdən, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Bu faktlar göstərir ki, Azərbaycan Avropa İttifaqı üçün strateji tərəfdaşa çevrilib.

Rəsmi Bakı bütün dövrlərdə balanslaşdırılmış xarici siyasət yürüdüb və müxtəlif beynəlxalq güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında qurmağa üstünlük verib. Buna baxmayaraq, bəzi beynəlxalq təşkilatlar zaman-zaman ölkəmizə qarşı qərəzli yanaşma nümayiş etdiriblər. Ancaq hesab edirəm ki, artıq münasibətlərdə yeni mərhələ başlayır.

Avropa İttifaqı rəhbərinin Bakıda yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevlə keçirilən görüşlər və səfər çərçivəsində verilən mesajlar onu göstərir ki, tərəflər münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdırlar.

Fotoda: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen

Bəs Avropa İttifaqı rəhbərinin Ermənistana səfəri necə qiymətləndirirsiniz?

Bildiyiniz kimi, Ermənistan uzun müddətdir Qərbə inteqrasiya kursunu gücləndirməyə çalışır. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu istiqamətdə ciddi addımlar atılsa da, ölkə hələ də Rusiyanın siyasi və təhlükəsizlik təsirindən tam uzaqlaşa bilməyib.

Bu baxımdan hesab edirəm ki, Avropa İttifaqı rəhbərinin İrəvana səfəri həm də Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa hesablanmış siyasi addımdır.

Diqqət çəkən digər məqam isə səfərin 7 iyun parlament seçkilərindən sonra baş tutmasıdır. Bu, Avropa İttifaqının gələcək əməkdaşlığını Paşinyan hökuməti ilə qurmağa hazır olduğunu göstərir. Başqa sözlə, Brüssel Ermənistanda siyasi sabitliyin formalaşmasını gözlədikdən sonra regiona səfər etdi.

Digər tərəfdən, son illərdə Gürcüstanın xarici siyasətində də müəyyən dəyişikliklər müşahidə olunur. Vaxtilə Avropa inteqrasiyasına üstünlük verən Tbilisi hazırda daha balanslı, bəzi hallarda isə Rusiyaya yaxın görünən siyasət yürüdür. Bu səbəbdən Avropa İttifaqı Cənubi Qafqazda əsas diqqətini ilk növbədə Azərbaycana, daha sonra isə Ermənistana yönəldir.

Azərbaycan – Ermənistan sülh prosesi bu münasibətlərə necə təsir göstərə bilər?

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması müddəti getdikcə daha real görünür. Ağ Evdə əldə olunmuş razılaşmaların üzərindən artıq bir ilə yaxın vaxt keçir və son aylarda prosesin intensivləşdiyini müşahidə edirik.

Azərbaycan rəsmilərinin Ermənistanla keçirdiyi görüşlər də göstərir ki, sülh müqaviləsinin imzalanması əvvəlki dövrlərlə müqayisədə daha yaxındır. Buna görə də Avropa İttifaqı bu prosesin aktiv iştirakçılarından biri olmaq istəyir.Əslində Avropanın aparıcı dövlətləri də sülh prosesində iştirak etməyə çalışırlar. Çünki sülh əldə olunacağı təqdirdə regionda formalaşacaq yeni iqtisadi və nəqliyyat imkanlarından faydalanmaq, həmçinin Cənubi Qafqazda geosiyasi təsir imkanlarını artırmaq istəyirlər. Onlar yaxşı anlayırlar ki, bu prosesdə iştirak etməsələr, əsas söz sahiblərindən biri yenə Rusiya olacaq. Bu baxımdan Avropa İttifaqının regionda fəallaşmasını məntiqi və strateji addım hesab edirəm.

Ermənistan Baş naziri Nikol Paşinyanla Avropa Komissiyasının sədri Ursula fon der Leyen

Bəs, bu səfər hansı sahələrdə əməkdaşlığı gücləndirə bilər?

İlk növbədə enerji sektorunda əməkdaşlığın daha da genişlənəcəyini düşünürəm. Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji təhlükəsizliyi məsələsinə xüsusi həssaslıqla yanaşır. Rusiya qazından asılılığı azaltmaq üçün alternativ mənbələr axtarılır və Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş kimi ön plana çıxır.Məhz buna görə də enerji əməkdaşlığının yaxın illərdə daha da dərinləşəcəyi gözlənilir. Bununla yanaşı, iqtisadi, ticarət, investisiya və siyasi dialoq sahələrində də münasibətlərin genişlənməsi üçün əlverişli şərait formalaşır.

Hesab edirəm ki, yaxın perspektivdə Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da güclənəcək və Brüssel regionla bağlı qərarlar qəbul edərkən rəsmi Bakı ilə hesablaşmağa məcbur olacaq.

Təbii ki, müəyyən məsələlərdə, xüsusilə Türkiyə amili ilə bağlı zaman-zaman fikir ayrılıqları yarana bilər. Çünki Azərbaycan Türkiyənin strateji müttəfiqidir və Ankara ilə Brüssel arasında mövcud olan bəzi ziddiyyətlər dolayısı ilə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də təsir göstərə bilər.

Bununla belə, hesab edirəm ki, qarşılıqlı maraqlar, xüsusilə enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik amilləri Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənməsini təmin edəcək.

Gülbəniz Hüseynli / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir