
“Fənərbağça”da yeni mövsüm öncəsi transfer hazırlıqları davam edərkən, komandanın braziliyalı ulduzu Anderson Taliska ilə bağlı gözlənilməz iddia ortaya çıxıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası açıqlama yayıb. Məlumata görə, təcrübəli futbolçu İngiltərədən gələn təklifə görə klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib.
İddialara görə, Taliska ilə İngiltərə təmsilçisi “Hull City” yaxından maraqlanır. Danışıqlar zamanı 32 yaşlı futbolçunun karyerasını İngiltərədə davam etdirmək variantına müsbət yanaşdığı bildirilib. Braziliyalı oyunçunun Türkiyədə və “Fənərbağça”da özünü xoşbəxt hiss etdiyi, lakin gələcəyi ilə bağlı bütün təklifləri dəyərləndirməyə hazır olduğu vurğulanıb.
Yerli mətbuat yazıb ki, İstanbul klubu yeni transferlər üçün maliyyə imkanları yaratmaq məqsədilə yüksək maaş alan futbolçularla yollarını ayırmağı nəzərdən keçirir. İllik 7,5 milyon avro qazandığı bildirilən Taliska ilə bağlı yekun qərarın isə klub rəhbərliyi və məşqçilər heyətinin müzakirəsindən sonra veriləcəyi gözlənilir.

