
Bakı. Trend:
İyulun 2-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin yol
təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə BMT arasında mövcud
əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq
əməkdaşlıq məsələləri, habelə bu istiqamətdə qlobal təşəbbüslər
ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin
icrası, təhlükəsiz, dayanıqlı və müasir nəqliyyat sisteminin
inkişafı, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
istiqamətində həyata keçirdiyi ardıcıl islahatlar barədə məlumat
verib. Bu çərçivədə, nəqliyyat infrastrukturunun
müasirləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və yol hərəkəti
təhlükəsizliyinin gücləndirilməsi sahəsində görülən işlər
vurğulanıb. Nazir həmçinin bütün ölkə ərazisində, xüsusilə də
işğaldan azad edilmiş ərazilərimizdə yüksək səvuyyəli yol və
infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə
çatdırıb.
Jan Todt BMT Baş katibinin xüsusi elçisi qismində həyata
keçirilən fəaliyyət, yol-nəqliyyat hadisələrinin qarşısının
alınması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi
istiqamətində görülən tədbirlər barədə məlumat verib. O,
Azərbaycanın yol təhlükəsizliyi sahəsində həyata keçirdiyi
tədbirləri və əldə olunan irəliləyişi yüksək qiymətləndirib, bu
istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini
vurğulayıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunub.

