
Bakı. Trend:
Cari ilin may ayının sonuna olan məlumata əsasən, Azərbaycanın
rezident maliyyə institutları (statistik vahidlərin ödəniş kartları
da daxil olmaqla) tərəfindən emissiya edilmiş MasterCard kartları
vasitəsilə ümumilikdə 4,492 milyard manat məbləğində 78,825 milyon
əməliyyat həyata keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi
statistik bülletendə qeyd olunub.
Bundan əlavə, AMB-nin məlumatına görə, ötən ilin may ayı ilə
müqayisədə əməliyyatların sayı 1,479 milyon (1,9 faiz) artsa da,
onların həcmi 488 milyon manat (9,8 faiz) azalıb.
Qeyd edək ki, AMB-nin məlumatına əsasən, may ayının sonuna bank
sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş
kartlarının sayı əvvəlki ayla müqayisədə 309 min artaraq 22 milyon
827 minə çatıb.
“Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 faiz artıb.
Bu zaman debet kartlarının sayı 13 faiz artsa da, kredit
kartlarının sayı 3 faiz azalıb. Ödəniş kartlarının sayındakı artım
nağdsız hesablaşmaların həcminə müsbət təsir göstərib. Belə ki,
ilin əvvəlindən daxili nağdsız əməliyyatların həcmi ötən ilin
müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb”, – deyə AMB
bildirib.
Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş
sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən
eksklüziv müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki
inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS
terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.
“Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi
ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər
ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya
imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə
beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik
pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin
genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və
ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin
edilməsidir”, – deyə Mərkəzi Bank qeyd edib.

