
Bakı. Trend:
“AzerGold” QSC ölkədə gümüş külçələrə olan tələbatın yerli
məhsullar hesabına qarşılanması və investisiya imkanlarının
genişləndirilməsi məqsədilə ilk dəfə olaraq yerli xammal əsasında
istehsal edilmiş 999,9 əyarlı gümüş külçələrin satışına
başlayıb.
Son illərdə yaşıl enerji texnologiyalarının sürətli inkişafı və
elektronika sənayesində gümüşdən istifadənin əhəmiyyətli dərəcədə
artması bu qiymətli metalın qlobal bazardakı strateji rolunu daha
da gücləndirib. Eyni zamanda, beynəlxalq bazarlarda gümüşə olan
artan tələb onun investisiya aktivləri sırasında daha cəlbedici
mövqe tutmasına əlverişli şərait yaradıb.
Gümüş külçələrin bazara çıxarılması dəyər zəncirinin
genişləndirilməsinə töhfə verməklə yanaşı, vətəndaşlar üçün
alternativ investisiya alətinin formalaşdırılmasını hədəfləyir.
İlkin mərhələdə istehlakçılara 250, 500 və 1000 qramlıq çəkilərdə
təqdim edilən məhsulların növbəti mərhələdə bazar tələbatı,
investor marağı və istehlakçı seçimləri nəzərə alınmaqla müxtəlif
çəki kateqoriyalarında yeni çeşidlərinin istehsalı
planlaşdırılır.
Qeyd edək ki, gümüş külçələrin Satış və Mübadilə Mərkəzində
milli valyuta ilə geri alışı da həyata keçiriləcək. Sözügedən
məhsullar istehlakçılardan Azərbaycan Respublikası Mərkəzi Bankının
gündəlik rəsmi məzənnəsi əsas götürülməklə, külçənin metal dəyərinə
10% əlavə ödəniş tətbiq olunmaqla geri alınacaq.
Gümüş külçələr Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında
yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift
onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

