
Bakı. Trend:
“AzərEnerji” Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar
tikir.
Qurumun yaydığı məlumata görə, 2023-cü ildə keçirilən antiterror
tədbirlərindən sonra azad olunmuş ərazilərdə enerji
infrastrukturunun bərpası və müasirləşdirilməsi istiqamətində
həyata keçirilən layihələr davam edir.
Bu çərçivədə “AzərEnerji” ASC tərəfindən Xankəndi şəhərində
110/35/10 kV-luq “Xankəndi-2” və Ağdərə rayonunda 110/35/10 kV-luq
“Həsənriz” yarımstansiyaları sökülərək ən müasir rəqəmsal
texnologiyalar əsasında yenidən inşa edilir.
“Xankəndi-2” yarımstansiyasının tikintisi Xankəndi şəhərinin,
ətraf yaşayış məntəqələrinin və bütün mühüm infrastruktur
obyektlərinin daha etibarlı, dayanıqlı və keyfiyyətli elektrik
enerjisi ilə təminatına imkan verəcək.
Ağdərə rayonunda tikilən “Həsənriz” yarımstansiyası isə rayonun
istehlakçılarının, o cümlədən sənaye müəssisələrinin enerji
təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə
fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal
olunan enerjinin ölkənin enerji sisteminə təhlükəsiz və fasiləsiz
ötürülməsini təmin edəcək.
“AzərEnerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur
Abdullayevin sözlərinə görə, “Xankəndi-2” və “Həsənriz”
yarımstansiyalarında kommutasiya avadanlıqlarının məsafədən idarə
olunması və texnoloji göstəricilərin real vaxt rejimində ötürülməsi
üçün yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq. Bu
sistemlər “AzərEnerji”nin Mərkəzi SCADA idarəetmə platformasına
inteqrasiya ediləcək.
Qeyd edək ki, bundan əvvəl “AzərEnerji” tərəfindən “Xankəndi-1”
yarımstansiyası tamamilə yenidən qurularaq qapalı tipli
yarımstansiya kimi ötən ilin dekabr ayında istismara verilib.
Yeni layihələrin tamamlanması ilə “AzərEnerji”nin azad edilmiş
ərazilərdə inşa etdiyi yarımstansiyaların sayı 16-ya çatacaq.
Bununla yanaşı, bölgədə artıq 38 su elektrik stansiyası tikilərək
istismara verilib, hazırda isə əlavə 8 su elektrik stansiyasının
tikintisi davam etdirilir.

