Strateji tərəfdaşlığın yeni mərhələsi

Baş səhifə

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Prezident
İlham Əliyevlə görüşü Azərbaycan–Avropa İttifaqı münasibətlərinin
inkişafında mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir. Qlobal
geosiyasi münasibətlərin mürəkkəbləşdiyi, enerji təhlükəsizliyi,
nəqliyyat marşrutları və regional sabitlik məsələlərinin beynəlxalq
gündəliyin əsas mövzularından birinə çevrildiyi indiki mərhələdə bu
görüş xüsusi əhəmiyyət daşıyır. Həmin təmas bir daha göstərdi ki,
Azərbaycan bu gün Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm
də etibarlı siyasi tərəfdaş, sabitlik və əməkdaşlıq məkanı yaradan
mühüm regional gücdür.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər uzun illər
ərzində qarşılıqlı maraqlar əsasında inkişaf edib. Bu
münasibətlərin əsas sütunlarından biri, şübhəsiz ki, enerji
əməkdaşlığıdır. Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü
siyasəti nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində
mühüm yer tutan strateji tərəfdaşa çevrilib. Xüsusilə Cənub Qaz
Dəhlizi, TANAP və TAP kimi nəhəng layihələrin uğurla
reallaşdırılması Azərbaycanın təşəbbüskarlığını, etibarlılığını və
beynəlxalq enerji bazarındakı mühüm mövqeyini aydın şəkildə nümayiş
etdirib. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və
ardıcıl diplomatik fəaliyyəti sayəsində Azərbaycan enerji sahəsində
təkcə regional deyil, bütövlükdə Avropa miqyasında mühüm aktora
çevrilib.

Ursula fon der Leyenin Prezident İlham Əliyevlə görüşü də məhz
bu reallığın təsdiqi kimi çıxış edir. Avropa Komissiyasının
rəhbərinin Bakıya gəlişi, Azərbaycanla yüksək səviyyəli dialoqa
xüsusi önəm verilməsi və ölkəmizin strateji əhəmiyyətinin açıq
şəkildə vurğulanması onu göstərir ki, Avropa İttifaqı Azərbaycanla
münasibətləri uzunmüddətli və genişmiqyaslı tərəfdaşlıq kimi
qiymətləndirir. Bu münasibətlərin mərkəzində isə Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, milli maraqlara
əsaslanan və nəticəyönümlü xarici siyasət dayanır.

Görüş zamanı müzakirə olunan məsələlər enerji ilə
məhdudlaşmırdı. Regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya
layihələri, Orta Dəhlizin inkişafı, iqtisadi əməkdaşlıq, “yaşıl
enerji” sahəsində tərəfdaşlıq və postmünaqişə dövründə sülh
gündəliyi də diqqət mərkəzində idi. Bu isə bir daha göstərir ki,
Azərbaycan artıq Avropa ilə münasibətlərdə yalnız karbohidrogen
resursları ilə deyil, həm də geosiyasi mövqeyi, tranzit imkanları
və regional təşəbbüsləri ilə xüsusi əhəmiyyət daşıyır. Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin nəqliyyat və logistika
sahəsində həyata keçirdiyi siyasət Azərbaycanı Şərqlə Qərbi
birləşdirən mühüm qovşaqlardan birinə çevirib. Bu gün Orta Dəhliz
layihəsinin aktuallaşması fonunda Azərbaycanın rolu daha da artır
və Avropa İttifaqının Bakıya marağı da məhz bu strateji reallıqdan
qaynaqlanır.

Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan
beynəlxalq münasibətlər sistemində özünü etibarlı, prinsipial və
güclü tərəfdaş kimi təsdiqləyib. Prezident İlham Əliyevin həyata
keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın həm
Şərq, həm Qərb, həm də region ölkələri ilə münasibətlərində milli
maraqları qətiyyətlə qorumağa imkan verib. Ursula fon der Leyenin
Prezident İlham Əliyevlə görüşü də göstərir ki, Avropa İttifaqı
Azərbaycanda sabit, güclü və etibarlı siyasi rəhbərliyin
mövcudluğunu yüksək qiymətləndirir. Məhz bu amil Azərbaycanı
bölgədə fərqləndirən əsas cəhətlərdən biridir.

Görüşün mühüm istiqamətlərindən biri də Cənubi Qafqazda sülh və
sabitlik məsələsi idi. Azərbaycan 44 günlük Vətən müharibəsindən
sonra regionda yeni siyasi reallıq formalaşdırıb və bu reallıq
əsasında davamlı sülhün təmin olunmasını prioritet kimi irəli
sürüb. Prezident İlham Əliyev postmünaqişə dövründə sülh
müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və bölgədə
əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl
təşəbbüslərlə çıxış edib. Avropa İttifaqının da bu proseslərə maraq
göstərməsi və Azərbaycanla dialoqu intensivləşdirməsi ölkəmizin
bölgədə aparıcı siyasi aktor kimi qəbul edildiyini təsdiqləyir.
Ursula fon der Leyenin Bakıda keçirdiyi görüş bu baxımdan təkcə
ikitərəfli münasibətlərin deyil, həm də regionun gələcəyi ilə bağlı
mühüm siyasi məna daşıyır.

Azərbaycanın “yaşıl enerji” gündəliyi də Avropa ilə
münasibətlərdə yeni əməkdaşlıq istiqaməti kimi ön plana çıxır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz bərpaolunan enerji
sahəsində də böyük layihələrə start verib, Xəzərin külək enerjisi
potensialı, günəş enerjisi layihələri və “yaşıl enerji dəhlizi”
ideyası beynəlxalq maraq doğurub. Avropa İttifaqının bu sahəyə
diqqət yetirməsi və Azərbaycanla əməkdaşlıq niyyətini ortaya
qoyması onu göstərir ki, tərəflər arasındakı münasibətlər artıq
yalnız ənənəvi enerji çərçivəsi ilə məhdudlaşmır, daha geniş
strateji məzmun qazanır.

Bütün bunların fonunda Ursula fon der Leyenin Prezident İlham
Əliyevlə görüşü Azərbaycanın beynəlxalq mövqeyinin daha da
möhkəmləndiyini göstərən mühüm siyasi hadisədir. Bu görüş bir daha
təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
müasir beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, milli
maraqlarını qətiyyətlə müdafiə edən, eyni zamanda qarşılıqlı
faydalı əməkdaşlığa açıq olan güclü dövlətdir. Avropa İttifaqının
Azərbaycanla münasibətlərə verdiyi önəm də məhz ölkəmizin artan
geosiyasi çəkisi, iqtisadi potensialı və siyasi sabitliyi ilə
birbaşa bağlıdır.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir