
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı şəhəri, Sabunçu
rayonunun Bilgəh qəsəbəsində yeni tikilmiş “Bilgəh” sularda
xilasetmə məntəqəsinin açılışı və Xidmət üçün yeni alınmış
texnikaların təqdimatı mərasimi keçirilib.
FHN-in Mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 3-də
keçirilən mərasimdə fövqəladə hallar naziri, general-polkovnik
Kəmaləddin Heydərov iştirak edib.
“Yeni tikilmiş modul tipli sularda xilasetmə məntəqəsi bütün
zəruri vasitələrlə təmin olunub və burada dalğıc-xilasedicilərin
fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Dalğıc-xilasedicilərin gündəlik fəaliyyətinin daha səmərəli
təşkili məqsədilə hazırda 8-i Bakı şəhəri və Abşeron rayonunda,
12-si isə digər bölgələrdə olmaqla, ümumilikdə 20 modul tipli
sularda xilasetmə məntəqəsinin tikintisi aparılır.
Məlumata görə, yeni alınmış texnikalara 10 ədəd 4 metrlik altı
plastik rezin qayıq, 10 ədəd “Yamaha” markalı hidrosikl və onlar
üçün 10 ədəd “Mercury 25″ markalı asma mühərrik daxildir.
Bildirilib ki, çevikliyi, istismar baxımından sadəliyi və texniki
xidmət rahatlığı ilə seçilən bu texnikalar vətəndaşların sularda
təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək”,-deyə
nazirliyin Mətbuat xidmətindən bildirilib.
FHN-nin Mətbuat xidmətindən qeyd edilib ki, mərasimdə çıxış edən
fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan Prezidenti
İlham Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində Fövqəladə
Hallar Nazirliyinin maddi-texniki bazası daim yeniləndiyini,
xilasetmə, yanğınsöndürmə və digər təyinatlı ən müasir texnika və
avadanlıqlar ölkəyə gətirilərək uğurla tətbiq olunduğunu, həmçinin
şəxsi heyətin gündəlik fəaliyyəti üçün hərtərəfli şərait
yaradıldığını bildirib.
“Nazir insanların sularda təhlükəsizliyinin etibarlı şəkildə
təmin edilməsinin FHN-in əsas fəaliyyət istiqamətlərindən biri
olduğunu vurğulayıb və bu sahədə işin daha səmərəli təşkili
məqsədilə müvafiq tapşırıqlar verib”, – deyə FHN-in Mətbuat
xidmətindən əlavə edilib.

