
Bakı. Trend:
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun
1-də ölkəmizə səfəri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni
mərhələyə keçid etməsinin daha bir təsdiqi oldu.
Bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov səsləndirib.
Onun fikrincə, Prezident İlham Əliyevin bu səfər münasibətilə
mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan–Avropa İttifaqı
əməkdaşlığı artıq yalnız ənənəvi enerji resursları ilə
məhdudlaşmır.
“Son illər həyata keçirilən məqsədyönlü dövlət siyasəti
nəticəsində ölkəmiz “yaşıl enerji” sahəsində də Avropanın mühüm
tərəfdaşlarından birinə çevrilməkdədir. Bu isə Azərbaycanın
beynəlxalq enerji siyasətində yeni mərhələnin başlanğıcını ifadə
edir. Dünya enerji bazarında baş verən dəyişikliklər, iqlim
dəyişiklikləri ilə mübarizə və bərpaolunan enerji mənbələrinin
inkişafı qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilib.
Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi öz enerji
strategiyasını zamanın çağırışlarına uyğun şəkildə yeniləyir.
Prezident İlham Əliyevin bəyanatında səsləndirilən faktlar göstərir
ki, ölkəmiz artıq təkcə neft və təbii qaz ixrac edən dövlət deyil,
həm də gələcəyin təmiz enerji istehsalçılarından biri olmağa
hazırlaşır”.
Millət vəkili bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlığın
xüsusi əhəmiyyət daşıması təsadüfi deyil:
“Məlumdur ki, Avropa enerji təhlükəsizliyini gücləndirməklə
yanaşı, karbon emissiyalarının azaldılması və alternativ enerji
mənbələrinin genişləndirilməsi məqsədlərini də prioritet elan edib.
Azərbaycanın həyata keçirdiyi layihələr isə məhz bu strateji
məqsədlərlə üst-üstə düşür. Mövcud elektrik ötürücü xətlərinin
modernləşdirilməsi və yeni enerji marşrutlarının yaradılması
ölkəmizi Avropanın enerji keçidində etibarlı tərəfdaşa çevirir.
Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan enerji
siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də
beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsi kimi
qiymətləndirir. Bu yanaşma ölkəmizin uzun illər ərzində
formalaşdırdığı etibarlı tərəfdaş imicini daha da gücləndirir.
Təsadüfi deyil ki, Avropa Komissiyasının rəhbərliyi enerji
sahəsində əməkdaşlığın yeni istiqamətlərini məhz Bakı ilə müzakirə
edir və Azərbaycanın bu sahədəki potensialını yüksək
qiymətləndirir. Yaşıl enerji layihələrinin həyata keçirilməsi eyni
zamanda Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm tərkib
hissəsidir. Yeni investisiyaların cəlb olunması, müasir
texnologiyaların tətbiqi, yüksək ixtisaslı insan kapitalının
formalaşdırılması və enerji ixracının şaxələndirilməsi ölkənin
dayanıqlı inkişafına əlavə imkanlar yaradır. Bu proses Qarabağ və
Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası”
konsepsiyasının reallaşdırılmasına da mühüm töhfə verir”.

