
Bakı. Trend:
Müasir dövrdə dövlətlərin uğurunun əsas göstəricilərindən biri
cəmiyyətin hakimiyyət institutlarına inam səviyyəsi, ölkənin daxili
sabitliyi və beynəlxalq nüfuzudur. Azərbaycanda son illərdə
müşahidə olunan siyasi, iqtisadi və təhlükəsizlik sahəsindəki
nəticələr ictimai rəyin formalaşmasına da birbaşa təsir göstərib.
Son sosioloji sorğular göstərir ki, ölkədə dövlət idarəçiliyinə
münasibət yüksək etimad üzərində qurulub və bu, müxtəlif sahələrdə
əldə edilən real nəticələrlə əlaqələndirilir.
İctimai etimadın rəqəmlərlə
ifadəsi
Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqladığı son ictimai
rəy sorğusunun nəticələri ölkədə Prezident İlham Əliyevə
münasibətin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Sorğu
iştirakçılarının 87,7 faizi Prezident İlham Əliyevə etimad
göstərdiyini bildirib. Bununla yanaşı, respondentlərin
93,6 faizi Prezidentin fəaliyyətini müsbət
qiymətləndirib, 81,9 faizi isə onu alternativsiz
siyasi lider hesab etdiyini ifadə edib. Bu göstəricilər
cəmiyyətin müxtəlif təbəqələrində dövlət siyasətinə verilən
dəstəyin yüksək olduğunu ortaya qoyur.
Belə nəticələrin formalaşması təsadüfi deyil. Son illərdə
Azərbaycanın keçdiyi inkişaf yolu, milli maraqların müdafiəsi
istiqamətində atılan addımlar, ölkənin beynəlxalq mövqeyinin
güclənməsi və təhlükəsizlik sahəsində əldə olunan uğurlar ictimai
rəyin əsas müəyyənedici amilləri kimi çıxış edir.
Milli maraqları əsas götürən siyasi
kurs
Azərbaycanda dövlət idarəçiliyinə münasibəti müəyyənləşdirən
əsas amillərdən biri həyata keçirilən siyasətin milli maraqlar
üzərində qurulmasıdır. Prezident İlham Əliyevin fəaliyyətinin
qiymətləndirilməsində cəmiyyətin diqqət yetirdiyi əsas məqamlardan
biri məhz Azərbaycanın dövlət maraqlarının bütün məsələlərdə
prioritet hesab edilməsidir.
Son illərdə həm regional, həm də qlobal səviyyədə baş verən
mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın prinsipial
mövqeyini qoruması, milli maraqlardan geri çəkilməməsi və dövlət
suverenliyinə dair məsələlərdə ardıcıl siyasət yürütməsi ölkə
daxilində geniş dəstək qazanıb. Məhz bu yanaşma Prezident İlham
Əliyevin uzaqgörən və qətiyyətli siyasi xəttinin əsas
xüsusiyyətlərindən biri kimi qiymətləndirilir.
Hakimiyyətlə xalq arasında qarşılıqlı
etimad
İctimai rəyin formalaşmasında mühüm rol oynayan digər amil
Prezident İlham Əliyev ilə cəmiyyət arasında mövcud olan qarşılıqlı
inam münasibətləridir. Prezident İlham Əliyevin öz fəaliyyətində
xalqın iradəsini əsas götürməsi, qərarların qəbulunda milli
maraqları və vətəndaşların gözləntilərini ön plana çıxarması
cəmiyyətdə etimadın daha da möhkəmlənməsinə şərait yaradıb.
Bu baxımdan Prezident İlham Əliyevin siyasi dayağının xalq
olması, eyni zamanda xalqın da ona yüksək dəstək nümayiş etdirməsi
ölkədə siyasi sabitliyin mühüm sütunlarından biri hesab olunur.
Sorğuda qeydə alınan yüksək etimad göstəriciləri də məhz bu
qarşılıqlı münasibətin nəticəsi kimi dəyərləndirilə bilər.
Liderlik keyfiyyətləri və beynəlxalq
nüfuz
Müasir beynəlxalq münasibətlər sistemində dövlət rəhbərinin
şəxsi liderlik xüsusiyyətləri ölkənin xarici siyasət imkanlarına da
ciddi təsir göstərir. Prezident İlham Əliyevin qətiyyətli qərarlar
qəbul edən siyasi lider kimi tanınması, ölkə daxilində olduğu kimi
beynəlxalq müstəvidə də yüksək nüfuz qazanması Azərbaycanın
mövqelərinin güclənməsində mühüm rol oynayıb.
Son illər Azərbaycanın iştirak etdiyi beynəlxalq platformalarda
nümayiş etdirdiyi fəallıq, müxtəlif qlobal təşəbbüslərdə söz sahibi
kimi çıxış etməsi və müstəqil mövqe nümayiş etdirməsi ölkənin
diplomatik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu isə
Prezident İlham Əliyevin güclü siyasi lider kimi qəbul edilməsini
şərtləndirən əsas amillərdən biridir.
İqtisadi inkişaf və güclü dövlət
modeli
İctimai dəstəyin əsas səbəblərindən biri də Azərbaycanın
iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasıdır. Son illərdə
ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan
özünü təmin edə bilən, dayanıqlı iqtisadiyyata malik dövlət kimi
mövqeyini möhkəmləndirib.
İqtisadi gücün artması müdafiə qabiliyyətinin də güclənməsinə
imkan yaradıb. Müasir ordu quruculuğu istiqamətində həyata
keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan regionun ən
güclü hərbi potensialına malik ölkələrindən birinə çevrilib. Güclü
iqtisadiyyatla hərbi imkanların vəhdəti dövlətin milli
təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət edib.
Regional liderlikdən qlobal nüfuza
doğru
Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın aparıcı dövləti kimi
deyil, həm də beynəlxalq münasibətlər sistemində müstəqil siyasət
yürüdən və prinsipial mövqeyi ilə seçilən ölkə kimi qəbul
edilir.
Enerji təhlükəsizliyi, nəqliyyat layihələri, beynəlxalq
əməkdaşlıq platformaları və çoxtərəfli diplomatiyada fəal iştirak
Azərbaycanın qlobal əhəmiyyətini daha da artırıb. Xarici siyasətdə
balanslı yanaşmanın qorunması, milli maraqlara əsaslanan qərarların
qəbul edilməsi və heç bir xarici təsir altında olmayan müstəqil
siyasi kurs ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirib.
Tarixi zəfər və tam suverenliyin təmin
olunması
Azərbaycanın müasir tarixində dönüş nöqtəsi hesab edilən
44 günlük Vətən müharibəsində qazanılan tarixi
qələbə ictimai rəyin formalaşmasına ən güclü təsir
göstərən hadisələrdən biri olub.
Müharibə nəticəsində Azərbaycanın uzun illər işğal altında qalan
torpaqları azad edildi, ölkənin ərazi bütövlüyü bərpa
olundu, sonrakı mərhələdə isə tam dövlət
suverenliyi təmin edildi. Bu nəticələr təkcə hərbi uğur
deyil, həm də dövlətçilik tarixində strateji əhəmiyyətə malik
hadisə kimi qiymətləndirilir.
Məhz bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən siyasi və hərbi strategiyanın uğurlu nəticəsi kimi
cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və sorğularda müşahidə
olunan yüksək etimad göstəricilərinin əsas səbəblərindən biri hesab
olunur.
Qlobal qeyri-sabitlik fonunda Azərbaycanın
təhlükəsizlik üstünlüyü
Hazırda dünyanın müxtəlif bölgələrində yeni münaqişələr,
geosiyasi qarşıdurmalar və təhlükəsizlik riskləri sürətlə artır.
Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın sabit və təhlükəsiz
ölkə kimi mövqeyini qoruyub saxlaması xüsusi diqqət çəkir.
Daxili sabitliyin təmin olunması, ictimai təhlükəsizlik
sisteminin effektiv fəaliyyəti, dövlət institutlarının
koordinasiyalı işi və təhlükəsizlik sahəsində həyata keçirilən
siyasət ölkədə sabit inkişaf üçün əlverişli mühit formalaşdırıb.
Dünyanın bir çox regionlarında gərginliklərin artdığı dövrdə
Azərbaycanın təhlükəsizlik baxımından etibarlı dövlət kimi
tanınması həm vətəndaşların gündəlik həyatında, həm də beynəlxalq
tərəfdaşların ölkəyə münasibətində özünü aydın şəkildə
göstərir.
Sosioloji sorğularda əks olunan 87,7 faizlik
etimad, 93,6 faizlik müsbət fəaliyyət
qiymətləndirilməsi və 81,9 faizlik alternativsiz
lider göstəricisi yalnız statistik rəqəmlər deyil. Bu
nəticələr son illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolunun,
milli maraqlara söykənən dövlət siyasətinin, güclü iqtisadiyyatın,
müasir ordunun, beynəlxalq nüfuzun, tarixi zəfərin və ölkədə təmin
edilən yüksək sabitliyin ictimai şüurda yaratdığı ümumi
qiymətləndirməni əks etdirir. Məhz bu amillərin məcmusu
Azərbaycanın mövcud inkişaf modelinə cəmiyyət tərəfindən göstərilən
dəstəyin əsas izahı kimi çıxış edir.

